• Bakı 19° C

    3.1 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Ukraynada döyüşən ruslar Avropaya gələ bilər - 11 ölkə Aİ-yə məktub göndərdi

DÜNYA

04 Iyun 2026 | 20:53

Ukraynada döyüşən ruslar Avropaya gələ bilər - 11 ölkə Aİ-yə məktub göndərdi

Avropanın 11 ölkəsinin nazirləri Avropa İttifaqı (Aİ) Komissiyasına birgə məktub ünvanlayaraq, Rusiya vətəndaşlarına qarşı Şengen vizası ilə bağlı daha sərt və məhdudlaşdırıcı tədbirlərin görülməsini tələb ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TRT Haber” rəsmi sənədə istinadən məlumat yayıb.

Polşa, İsveç, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Latviya, Litva, Niderland, Norveç və İslandiyanı təmsil edən nazirlərin imzaladığı birgə məktub Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Kaya Kallas ilə Daxili İşlər üzrə Komissar Maqnus Brunnerə göndərilib.

Məktubda Ukraynada müharibənin davam etdiyi bir vaxtda Avropada istirahət edən rusiyalı turistlərin sayındakı artımın ciddi narahatlıq doğurduğu vurğulanıb:

“Aİ ilə Rusiya arasında viza rejiminin sadələşdirilməsinə dair razılaşma 2022-ci ildə dayandırılsa da, bu qərar üzv ölkələr tərəfindən bərabər şəkildə icra olunmur və bu, təhlükəsizlikdə “böyük boşluq” yaradır. Geosiyasi münaqişə dövrlərində Aİ-nin gücü onun birliyindədir. Qəbul etdiyimiz məhdudlaşdırıcı tədbirlərin effektivliyi üçün koordinasiyalı yanaşma mütləqdir”.

Rəsmi statistikaya diqqət çəkən nazirlər bildiriblər ki, təkcə 2025-ci ildə Rusiya vətəndaşlarına turizm məqsədilə 477 min 878 Şengen vizası verilib və onların böyük hissəsi çoxgirişli, yəni multi-vizadır.

Qeyd edək ki, sənəddə ən vacib məqam kimi Ukraynaya qarşı döyüşmüş yüz minlərlə rusiyalı hərbçinin bu vizalar vasitəsilə rahatca Avropaya daxil ola bilmə ehtimalı göstərilib. Müxtəlif ölkələrin fərqli viza siyasəti yürütməsinin “viza alverinə” yol açdığını deyən nazirlər bunun Şengen zonasının ümumi təhlükəsizliyini təhdid etdiyini bildirərək təcili qəti addımlar atmağa çağırıblar.


SON XƏBƏRLƏR