Dünyada təhlükəsizlik anlayışı sürətlə dəyişir. Əgər əvvəllər dövlətlərin əsas təhlükəsizlik çağırışları fiziki sərhədlər, hərbi müdaxilələr və ənənəvi kəşfiyyat fəaliyyətləri ilə əlaqələndirilirdisə, bu gün kiberməkan da dövlətlərin suverenliyinin və milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib.
Məhz bu baxımdan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) tərkibində kiber təhqiqat istiqamətinin fəaliyyətə başlaması Azərbaycanın təhlükəsizlik sistemində strateji əhəmiyyət daşıyan addımlardan biri hesab edilə bilər.
Azərbaycan yerləşdiyi geosiyasi mövqeyə, enerji layihələrinə, beynəlxalq nəqliyyat dəhlizlərindəki roluna və regional proseslərə təsir imkanlarına görə daim müxtəlif təhdidlərlə üzləşən ölkələr sırasındadır. Bu təhdidlərin mühüm hissəsi artıq ənənəvi üsullarla deyil, kiberməkanda həyata keçirilir. Dövlət qurumlarına qarşı kiberhücumlar, strateji məlumatların ələ keçirilməsi cəhdləri, kritik infrastrukturun hədəfə alınması və informasiya sistemlərinin iflic edilməsinə yönələn fəaliyyətlər müasir dövrün əsas təhlükəsizlik riskləri sırasındadır.
Belə bir şəraitdə DTX-nin üzərinə düşən vəzifələr də genişlənir. Dövlət Təhlükəsizliyi Xidməti yalnız klassik təhlükəsizlik çağırışlarına qarşı mübarizə aparan qurum deyil, həm də ölkənin informasiya təhlükəsizliyinin qorunmasında əsas institutlardan biridir. Kiber təhqiqat istiqamətinin yaradılması bu missiyanın yeni mərhələyə keçdiyini göstərir.
Bu gün dünyanın aparıcı dövlətlərində kibertəhlükəsizlik milli təhlükəsizlik siyasətinin əsas komponentlərindən biri hesab olunur. ABŞ, Böyük Britaniya, İsrail, Almaniya və digər ölkələrdə xüsusi xidmət orqanları kiberməkanda baş verən proseslərin nəzarətdə saxlanılması, xarici müdaxilə cəhdlərinin aşkarlanması və rəqəmsal təhlükələrin neytrallaşdırılması istiqamətində geniş səlahiyyətlərə malikdir. Azərbaycanda da bu sahədə institusional imkanların genişləndirilməsi ölkənin beynəlxalq təcrübəyə uyğun şəkildə inkişaf etdiyini göstərir.
DTX-nin yeni yanaşmasının əsas üstünlüklərindən biri kibercinayətlərin və kiberhücumların yalnız texniki hadisə kimi deyil, milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsidir. Çünki müasir kiberhücumların arxasında çox zaman təşkilatlanmış cinayətkar qruplar, xarici kəşfiyyat şəbəkələri və ya dövlət maraqlarına xidmət edən strukturlar dayanır. Bu səbəbdən onların araşdırılması təkcə informasiya texnologiyaları bilikləri ilə yox, eyni zamanda operativ fəaliyyət, əks-kəşfiyyat və hüquqi prosedurların vəhdəti ilə mümkün olur.
Kiber təhqiqat imkanlarının gücləndirilməsi Azərbaycanın kritik informasiya infrastrukturunun müdafiəsinə də mühüm töhfə verəcək. Enerji sektoru, müdafiə sənayesi, bank sistemi, rabitə şəbəkələri, dövlət informasiya resursları və elektron hökumət platformaları ölkənin dayanıqlı fəaliyyətinin əsas sütunları hesab olunur. Bu sahələrə qarşı həyata keçirilən hər hansı uğurlu kiberhücum yalnız texniki problem yaratmır, həm də iqtisadi, siyasi və milli təhlükəsizlik baxımından ciddi nəticələr doğura bilər.
Son illər dünyada baş verən hadisələr göstərir ki, gələcəyin müharibələri yalnız döyüş meydanlarında deyil, kompüter ekranları arxasında da aparılır. Bir çox hallarda dövlətlərə vurulan zərər raket və ya silahlarla deyil, məhz kiber əməliyyatlar vasitəsilə həyata keçirilir. Buna görə də DTX-nin bu istiqamətdə potensialını artırması Azərbaycanın gələcək təhlükəsizlik arxitekturasının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Kiber təhqiqat istiqamətinin fəaliyyətə başlaması eyni zamanda dövlətin rəqəmsal transformasiya siyasətinə verilən təhlükəsizlik təminatı kimi də qiymətləndirilə bilər. Elektron xidmətlərin genişləndiyi, məlumat bazalarının rəqəmsallaşdığı və dövlət idarəçiliyinin müasir texnologiyalar üzərində qurulduğu bir dövrdə bu sistemlərin qorunması milli maraqların qorunması ilə eyni məna daşıyır.
Bütün bunlar göstərir ki, DTX-nin kiber təhqiqat sahəsində atdığı addım sadəcə yeni strukturun yaradılması deyil. Bu, Azərbaycanın milli təhlükəsizlik strategiyasının müasir dövrün tələblərinə uyğunlaşdırılması, dövlət maraqlarının kiberməkanda müdafiəsi və ölkənin rəqəmsal suverenliyinin daha etibarlı şəkildə təmin olunması istiqamətində mühüm mərhələdir. Dövlət Təhlükəsizliyi Xidmətinin bu sahədə rolunun güclənməsi isə Azərbaycanın qarşıdakı illərdə kiber təhdidlərə qarşı daha hazırlıqlı və dayanıqlı ölkəyə çevrilməsinə xidmət edəcək.
Əli Hüseynov,
Bakıvaxtı.az
Bakı 




