Avropa İttifaqının son aylarda Şərqi Avropa və postsovet məkanında fəallığını artırması təsadüfi deyil. Ukrayna müharibəsi Avropanın təhlükəsizlik, enerji və nəqliyyat siyasətini köklü şəkildə dəyişib.
Brüssel artıq yalnız iqtisadi inteqrasiya layihələri ilə kifayətlənmir, eyni zamanda öz geosiyasi təsir imkanlarını genişləndirməyə çalışır. Ukrayna və Moldova ilə üzvlük danışıqlarının növbəti mərhələyə keçirilməsi də bu strategiyanın tərkib hissəsidir. Avropa bir tərəfdən Rusiyanın təsir dairəsini məhdudlaşdırmağa çalışır, digər tərəfdən isə Şərq qonşuluğunda daha dayanıqlı tərəfdaşlıq sistemi qurmağa çalışır. Bu proses fonunda Cənubi Qafqaz da yenidən Avropa siyasətinin diqqət mərkəzinə çevrilir.
Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində müşahidə olunan canlanma da məhz bu geosiyasi reallığın nəticəsidir. Son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm iştirakçıya çevrilib. Xəzər qazının Avropa bazarlarına çıxarılması, Orta Dəhliz layihəsinin inkişafı və Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının genişləndirilməsi Bakının strateji əhəmiyyətini artırıb. Avropa üçün Azərbaycan artıq yalnız enerji təchizatçısı deyil, həm də qlobal ticarət yollarının vacib halqalarından biridir. Bu səbəbdən tərəflər arasında siyasi dialoqun intensivləşməsi gözlənilən prosesdir.
Lakin münasibətlərin gələcəyini müəyyənləşdirəcək əsas məsələ siyasi bəyanatlardan daha çox iqtisadi maraqların uzlaşdırılması olacaq. Avropa İttifaqı əməkdaşlığın daha geniş institusional çərçivədə qurulmasını istəyir. Azərbaycan isə milli maraqlarını və iqtisadi müstəqilliyini qorumağa çalışır. Xüsusilə ticarət qaydaları, bazarlara çıxış imkanları, investisiya mühiti və texniki standartlar kimi məsələlərdə tərəflərin mövqeləri tam üst-üstə düşmür. Buna görə də danışıqların ən çətin hissəsi məhz iqtisadi blok ətrafında aparılır. Siyasi iradə mövcud olsa da, yekun nəticə kompromislərin səviyyəsindən asılı olacaq.
Digər tərəfdən, Azərbaycanın xarici siyasət kursu Avropa ilə yaxınlaşmanı hansısa geosiyasi bloklaşmanın tərkib hissəsi kimi deyil, çoxşaxəli diplomatiyanın elementi kimi nəzərdən tutur. Bakı həm Avropa İttifaqı, həm Türkiyə, həm Mərkəzi Asiya dövlətləri, həm də digər regional aktorlarla paralel əməkdaşlıq modelini davam etdirir. Bu siyasət Azərbaycanın manevr imkanlarını genişləndirir və onu regionun ən müstəqil qərar qəbul edən dövlətlərindən birinə çevirir. Məhz buna görə də Avropa ilə münasibətlərin inkişafı Azərbaycanın başqa tərəfdaşlardan uzaqlaşması kimi deyil, xarici siyasət imkanlarının genişlənməsi kimi qiymətləndirilməlidir.
Yaxın perspektivdə Azərbaycan-Aİ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ehtimalı kifayət qədər yüksək görünür. Bunun üçün həm siyasi iradə, həm də qarşılıqlı maraqlar mövcuddur. Lakin prosesin sürəti tərəflərin iqtisadi və hüquqi məsələlər üzrə nə dərəcədə ortaq məxrəcə gələ bilməsindən asılı olacaq. Aydın görünən məqam isə budur ki, dəyişən beynəlxalq münasibətlər sistemində Azərbaycanın geosiyasi çəkisi artır və Avropa İttifaqı da bu reallığı nəzərə almağa başlayıb. Məhz buna görə qarşıdakı dövrdə Bakı-Brüssel xəttində daha fəal və daha strateji xarakter daşıyan əməkdaşlığın şahidi ola bilərik.
Alim Nəsirov
Bakı 




