Bu il mayın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 337,5 milyon manat olub. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu, aylıq müqayisədə 0,8 %, ilin əvvəli ilə müqayisədə 0,9 %, ötən il mayın 1-nə nisbətən isə 0,2 % azdır.
Depozit portfelinin 47,4 %-i, yaxud 19 milyard 608,2 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 15,6 % azdır. İl ərzində ev təsərrüfatlarının əmanətləri 18,8 % artaraq 17 milyard 641,9 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 22 % artaraq 4 milyard 87,4 milyon manata çatıb. Hesabat dövründə cəmi depozitlərin 22 milyard 169,3 milyon manatı (1 il əvvələ nisbətən 4,1 % az) qısamüddətli, 19 milyard 168,1 milyon manatı (4,7 % çox) isə uzunmüddətli olub.
Banklarda əmanətlər artır, depozit portfeli isə azalır. Bank sektorunda nələr baş verir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında iqtisadi ekspert Natiq Cəfərli bildirib ki, bank sektoru hazırda ölkədə və dünyada baş verən iqtisadi proseslərə, eləcə də Mərkəzi Bankın atdığı addımlara uyğunlaşır. Onun sözlərinə görə, uçot dərəcəsinin Mərkəzi Bank tərəfindən ardıcıl şəkildə aşağı salınması da bu prosesin tərkib hissəsidir.
Müsahibimiz qeyd edib ki, əmanətlərin həcminin artmasının əsas səbəblərindən biri insanların depozitləri daha cəlbedici investisiya aləti kimi görməsidir:
“Hazırda əmanətlər üzrə təxminən 10 faiz illik gəlirlilik mövcuddur. Bu baxımdan, bəzi hallarda əmlaka investisiya ilə müqayisədə depozitlər daha sərfəli seçim hesab edilir”.

Natiq Cəfərli: İnsanlar depozitləri daha cəlbedici investisiya aləti kimi görürlər
Ekspert əlavə edib ki, əmanətlərin təxminən 70 faizini kiçik məbləğli depozitlər - 30 min manata qədər olan əmanətlər təşkil edir:
“Məsələn, 20-30 min manat məbləğində əmanət yerləşdirən şəxs il ərzində əlavə olaraq təxminən 2-3 min manat gəlir əldə edə bilir. Bu da əmanətlərin artmasına təsir göstərən amillərdən biridir”.
Hüquqi şəxslərin depozitlərinin azalmasına gəldikdə isə, həmsöhbətimizə görə, bunun səbəbi onların nağd vəsaitə və ya maliyyə resurslarına daha çox ehtiyac duymasıdır. Şirkətlər müəyyən çətinliklərlə üzləşdikdə, vəsaitlərini depozitlərdən çıxararaq öz fəaliyyətlərində istifadə etməyə üstünlük verirlər.
Natiq Cəfərli ümumilikdə, burada ciddi bir problem görmür:
“Bu, iqtisadi proseslərin fonunda baş verən normal və rutin bir haldır. Ölkə iqtisadiyyatındakı dalğalanmaların bank sektoruna müəyyən təsirləri müşahidə olunsa da, sektorun dayanıqlılığı və likvidliyi hələ də kifayət qədər yüksək səviyyədə qalır”.
Aynur Babazadə
Bakı 




