• Bakı 22° C

    4.28 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

Ermənistanın hərbi paradında İran izi: Regionda yeni hərbi-siyasi xətt formalaşır?

DÜNYA

05 Iyun 2026 | 10:38

Ermənistanın hərbi paradında İran izi: Regionda yeni hərbi-siyasi xətt formalaşır?

Ermənistanda keçirilən son hərbi parad regionda geniş müzakirələrə səbəb olub. Parad zamanı nümayiş etdirilən silah və hərbi texnikalar arasında İran istehsalı olduğu bildirilən “Yassin” raketlərinin diqqət çəkməsi xüsusilə maraq doğurub.

Son illər Ermənistanın təhlükəsizlik siyasətində müşahidə olunan dəyişikliklər, Rusiyanın bölgədəki təsir imkanlarının nisbi zəifləməsi, İrəvanın Qərblə yaxınlaşmaq cəhdləri və paralel olaraq Tehranla əlaqələrin inkişafı bu görüntüləri daha da əhəmiyyətli edir. Ekspertlər hesab edirlər ki, parad təkcə hərbi güc nümayişi deyil, həm də həm daxili, həm də xarici auditoriyaya ünvanlanan siyasi mesajlar toplusudur. İran amilinin ön plana çıxması Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda ayrıca diqqət tələb edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq Züriyə Qarayeva bildirib ki, bu görüntülər ilk növbədə Tehran və İrəvan arasında hərbi-texniki əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Ermənistan son illərdə təhlükəsizlik sahəsində alternativ tərəfdaşlar axtarmağa başlayıb. Onun sözlərinə görə, Rusiya ilə münasibətlərdə yaranan müəyyən etimad problemləri İrəvanı yeni istiqamətlərə yönəldib. İran isə regionda öz geosiyasi mövqelərini qorumağa çalışan əsas aktorlardan biridir:

“Buna görə də hər iki tərəfin maraqları müəyyən nöqtədə üst-üstə düşür. Parad zamanı bu sistemlərin nümayişi həm əməkdaşlığın mövcudluğunu təsdiqləyir, həm də region ölkələrinə müəyyən siyasi mesaj verir”.

Müsahibimiz hesab edir ki, burada daha geniş geosiyasi kontekst mövcuddur. Dediyinə görə, İran Cənubi Qafqazda baş verən prosesləri öz milli təhlükəsizliyi ilə əlaqələndirir:

“Xüsusilə regionda yeni nəqliyyat marşrutlarının və siyasi ittifaqların formalaşması Tehran tərəfindən diqqətlə izlənilir. Ermənistan İran üçün həm qonşu dövlət, həm də strateji əhəmiyyət daşıyan tərəfdaşlardan biridir. Buna görə də Tehran İrəvanın təhlükəsizlik imkanlarının tam zəifləməsində maraqlı deyil. Parad zamanı İran istehsalı silahların nümayişi də bu siyasətin açıq elementlərindən biri kimi görünür”.

Züriyə Qarayeva: Tehran İrəvanın təhlükəsizlik imkanlarının tam zəifləməsində maraqlı deyil

“Paradın seçkiöncəsi dövrdə keçirilməsi hansı siyasi məqsədlərə xidmət edə bilər” sualını cavablandıran politoloqa görə, bu məsələni daxili siyasi kontekstdən ayrı qiymətləndirmək düzgün olmazdı. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti son illərdə təhlükəsizlik sahəsində ciddi tənqidlərə məruz qalıb. Həmsöhbətimiz bildirib ki, müharibədən sonra cəmiyyətdə ordunun imkanları ilə bağlı suallar yaranıb:

“Hakimiyyət isə yeni silahlar və hərbi texnikalar nümayiş etdirməklə ictimai rəydə müsbət təsir formalaşdırmağa çalışır. Bu, seçicilərə dövlətin müdafiə qabiliyyətinin gücləndirildiyi mesajını vermək məqsədi daşıyır. Beləliklə, parad həm hərbi, həm də siyasi kommunikasiya vasitəsi kimi çıxış edir”.

“Cənubi Qafqaz hazırda yeni geosiyasi balansların formalaşdığı dövrü yaşayır” deyən Züriyə Qarayeva qeyd edib ki, region ölkələrinin hərbi və siyasi tərəfdaşlıqlarında baş verən dəyişikliklər təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir. Ermənistanın İranla hərbi əlaqələrinin genişlənməsi də bu prosesin tərkib hissəsidir:

“Lakin bu əməkdaşlıq eyni zamanda digər regional aktorların diqqətini və reaksiyasını da artırır. Ona görə də qarşıdakı dövrdə bölgədə yeni diplomatik və siyasi manevrlərin şahidi ola bilərik. Əsas məsələ odur ki, hərbi nümayişlərdən daha çox uzunmüddətli sabitliyi təmin edəcək siyasi mexanizmlər ön plana çıxsın”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

04 Iyun 2026