• Bakı 22° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

Deputat layihədəki çatışmazlıqlardan danışdı

SİYASƏT

05 Iyun 2026 | 12:48

Deputat layihədəki çatışmazlıqlardan danışdı

“Layihənin ən nəzərəçarpan çatışmazlıqlarından biri kompensasiya mexanizminin nəzərdə tutulmamasıdır. Layihə həmin şəxsin cinayət prosesinə cəlb edilməsini və onun hüquq və vəzifələrini müəyyən edir, lakin əmlakına haqsız və ya sonradan əsassız hesab edilən həbs qoyulması nəticəsində dəymiş zərərin ödənilməsi barədə hər hansı norma nəzərdə tutmur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

“Hesab edirəm ki, cinayət prosesi başa çatdıqdan sonra şəxsin əmlakından istifadə edə bilmədiyi müddət ərzində itirdiyi gəlir, iş imkanları və digər maddi itkilər üçün kompensasiya tələb etmək hüququ açıq şəkildə müəyyən edilməlidir. Əks halda hüquq formal olaraq tanınsa da, pozulduğu halda onun effektiv bərpası təmin olunmamış qalır. Layihədə həmçinin şəxsin vəfatı halında hüquqi varisliyin tənzimlənməməsi ciddi çatışmazlıq kimi çıxış edir.

Əmlak üzərinə həbs qoyulmuş şəxs proses zamanı vəfat etdikdə onun bu layihə ilə tanınan prosessual hüquqlarının varislərinə keçib-keçməyəcəyi müəyyən edilmir. Mülki qanunvericiliklə uyğunluğun təmin olunması məqsədilə bu məsələnin də ayrıca tənzimlənməsi zəruridir. Layihədə vicdanlı üçüncü şəxslərin müdafiəsi məsələsi də ayrıca tənzimlənməmişdir. Praktikada cinayət yolu ilə əldə edilmiş əmlakın sonradan həmin hallardan xəbərsiz olan şəxslərə ötürülməsi mümkündür. Belə hallarda vicdanlı əldəedicinin hüquqlarının hansı meyarlarla qiymətləndiriləcəyi və müdafiə olunacağı aydın şəkildə müəyyən edilmədiyindən gələcəkdə hüquqi qeyri-müəyyənlik yarana bilər”, - deputat bildirib.


SON XƏBƏRLƏR

04 Iyun 2026