q
  • Bakı 14° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

Sağlam münasibətlər müalicənin effektivliyini artırır

CƏMİYYƏT

06 May 2026 | 15:30

Sağlam münasibətlər müalicənin effektivliyini artırır

"Həkim-pasiyent münasibətlərində psixoloji durum və düzgün yanaşmanın əhəmiyyəti olduqca önəmlidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.

Onun sözlərinə görə, insanın daxili vəziyyəti davranışlarına birbaşa təsir edir və bu, münasibətlərdə də özünü göstərir:

“Əgər bu gün bizdə gərginlik və qeyri-adekvat davranışlar müşahidə olunursa, mütləq mütəxəssis dəstəyi almaq lazımdır. Çünki insanın düşüncəsi sağlam olmadıqda, atdığı addımlar da yanlış istiqamətə yönəlir”.

R.Nəcəfov bildirib ki, şəxsi problemlər ətraf mühitə də təsirsiz ötüşmür:

“İnsan öz daxilində problem yaşayırsa, bunu istər-istəməz başqalarına da ötürür. Bu da xüsusilə həkim-pasiyent münasibətlərində gərginlik yaradır”.

Onun fikrincə, səhiyyə sahəsində nəticə əldə etmək üçün qarşılıqlı anlayış və səbr vacibdir:

“Pasiyentlər həkimə onun öz vəzifəsini rahat icra etməsi üçün zaman tanımalıdır. Səhiyyə elmə əsaslanır, istəklərə yox, tədqiqatlara söykənir. Həkimə bilik və təcrübəsini tətbiq etmək üçün şərait yaradılmalıdır”.

Psixoloq vurğulayıb ki, müraciət zamanı düzgün ünsiyyət əsas şərtlərdəndir:

“Pasiyent öz şikayətlərini hücum formasında deyil, normal şəkildə ifadə etməlidir. Əgər tibbi müəssisəyə münaqişə yaratmaq niyyəti ilə gedilərsə, oradan müsbət nəticə əldə etmək mümkün deyil”.

O qeyd edib ki, sağlam münasibətlər müalicənin effektivliyini artırır:

“Həkim və pasiyent arasında sağlam münasibət olduqda nəticə daha tez əldə olunur. Bu zaman qarşılıqlı inam və doğmalıq yaranır”.

Mütəxəssis əlavə edib ki, problemlərin həlli hüquqi çərçivədə aparılmalıdır:

“Əgər hər hansı haqsızlıq və ya problem varsa, bu, hüquqi yollarla həll olunmalıdır. Biz hüquqi dövlətdə yaşayırıq və heç kəs başqasının həyatına və azadlığına müdaxilə edə bilməz”.

Dediyinə görə, rəqəmsal mühitdə həkimlərin hədəf alınması yolverilməzdir:

“Hər hansı bir həkimin fotosunu paylaşıb onu təhqir obyektinə çevirmək düzgün deyil. Onların da şəxsi həyatı var və onlar sadəcə öz peşə borclarını yerinə yetirirlər”.

Rövşən Nəcəfov onu da vurğulanıb ki, hər xəstəliyin müalicəsi mümkün olmaya bilər və gözləntilər reallıq çərçivəsində qurulmalıdır:

“Elm imkan verdiyi çərçivədə nəticə əldə olunur. Bəzən sağalmayan hallar da olur və bu zaman həkimi hədəf almaq düzgün yanaşma deyil”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

05 May 2026