"Səhiyyə sahəsində baş verən itki ilə bağlı səsləndirilən fikirlər cəmiyyətdə rezonans doğurub".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov danışıb.
Mütəxəssis Milli Onkologiya Mərkəzində baş verən partlayıçda dünyasını dəyişən həkim-radioloq Asif Nəsirlinin ailəsinə başsağlığı verərək bu hadisənin Azərbaycan səhiyyəsi üçün ciddi itki olduğunu bildirib:
“Allah rəhmət eləsin, ruhu şad olsun, ailəsinə səbir diləyirəm. Həqiqətən də bu, Azərbaycan səhiyyəsi üçün itkidir. Biz istəməzdik ki, belə hallar baş versin”.
Onun sözlərinə görə, bu kimi hadisələr acı olsa da, reallıqdan qaçmaq mümkün deyil və cəmiyyət olaraq məsuliyyət daha da artır:
“Təəssüf ki, reallıqdan da qaça bilmərik. İstər psixoloji, istər texniki baxımdan məqsədimiz eynidir - cəmiyyətimizdə belə halların qarşısını almaq”.
R.Nəcəfov vurğulayıb ki, bu istiqamətdə yalnız həkimlərin deyil, bütövlükdə cəmiyyətin üzərinə məsuliyyət düşür:
“Bu halların qarşısını almaq üçün həm tibb işçiləri, həm həkimlər, həm də cəmiyyət olaraq birlikdə məsuliyyət daşıyırıq. Bir-birimizə olan münasibətimizi və etimadımızı risk altına atmamalıyıq”.
O əlavə edib ki, insan həyatının qorunması hər şeydən önəmlidir:
“Bizim əsas vəzifəmiz yaşamaqdır, həkimin əsas vəzifəsi isə başqasını yaşatmaqdır. Nə olursa olsun, biz yaşamağı və yaşatmağı öyrənməliyik”.
Mütəxəssis sonda bildirilib ki, həm insanlıq, həm də peşə məsuliyyəti baxımından gələcəyə daha sağlam yanaşma formalaşdırmaq vacibdir:
“Əlimizdən gələni etməliyik ki, həm insan olaq, həm də peşəmizin müqəddəsliyini qoruyaraq gələcək üçün daha yaxşı düşüncələr formalaşdıraq”.
Zeynəb Rzayeva
Bakı 




