"Həkim-pasiyent münasibətlərində empatiyanın rolu önəmlidir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov danışıb.
Onun sözlərinə görə, bu münasibətlər ilk növbədə qarşılıqlı anlayış və empatiya üzərində qurulmalıdır:
“Həkim-pasiyent münasibətləri empatiya üzərində qurulmalıdır. Pasiyent bilməlidir ki, həkimin əsas vəzifəsi onu həm fiziki, həm də psixoloji olaraq daha sağlam etməkdir”.
R.Nəcəfov qeyd edib ki, bəzən bu münasibətlərdə kommunikasiya problemləri yaranır və bu da müalicə prosesinə təsir edir:
“Pasiyent tez bir zamanda sağalmaq istəyir. Amma səhiyyə elə bir sahədir ki, hər şey mərhələli və ardıcıl şəkildə baş verir. Məntiqi davamlılıq olmazsa, müalicədə relaps – yəni xəstəliyin geri qayıtması qaçılmaz olur”.
Mütəxəssis vurğulayıb ki, hər bir həkimin məqsədi pasiyenti problemdən tam azad etməkdir:
“Həkimin məqsədi pasiyenti narahatlıqdan azad etmək, onun həm xəstəliyi ilə mübarizə aparmasını, həm də emosiyalarını idarə etməsini təmin etməkdir”.
O qeyd edib ki, gözləntilərin düzgün qurulmaması tərəflər arasında inamsızlıq yarada bilər:
“Bəzən pasiyent düşünür ki, həkim onun problemini dərhal həll etməlidir. Bu isə reallıqla üst-üstə düşmür. Mən bunu qınamıram, çünki hər kəsin sağalma haqqı var. Amma həkimin də məqsədi məhz sağaltmaqdır və bu, zaman tələb edir”.
Mütəxəssis əlavə edib ki, empatiyanın itməsi münasibətləri zədələyir:
“Əgər qarşılıqlı anlayış pozularsa, bu, həm həkimdə, həm də pasiyentdə inamsızlıq yaradır. Belə olan halda sağlam ünsiyyət qurmaq mümkün olmur”.
Sonda vurğulanıb ki, effektiv müalicənin əsas şərtlərindən biri düzgün ünsiyyətdir:
“Çox vacibdir ki, həkimlə pasiyent arasında sağlam dialoq qurulsun. İnsanları digər canlılardan fərqləndirən əsas xüsusiyyət də məhz bu ünsiyyətdir”.
Zeynəb Rzayeva
Bakı 




