q
  • Bakı 14° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

Xroniki ağrıları olan xəstələrlə işləmək daha çətindir

CƏMİYYƏT

06 May 2026 | 15:33

Xroniki ağrıları olan xəstələrlə işləmək daha çətindir

"Xroniki ağrı pasiyenti aqressiv edə bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.

Onun sözlərinə görə, xroniki ağrı yaşayan pasiyentlərlə işləmək daha çətin olur:

“Xroniki ağrıları olan insanlarla işləmək daha çətindir. Çünki ağrı insanın düşüncəsini məhdudlaşdırır, o artıq başqa heç nəyi görə bilmir və bütün diqqəti ağrı üzərində cəmlənir”.

R.Nəcəfov bildirib ki, belə hallarda qarşılıqlı anlayış və empatiya daha da vacib olur:

“Bu prosesdə həkim və pasiyent ağrıya qarşı birgə mübarizə aparmalıdır. Burada anlayış, səbir və düzgün yanaşma əsas rol oynayır”.

Onun fikrincə, həkimlərin iş yükü və psixoloji vəziyyəti də nəzərə alınmalıdır:

“Həkimlər ağır və gərgin iş rejimində çalışırlar və bəzən tükənmişlik sindromu – ‘burnout’ yaşayırlar. Davamlı tənqid və təzyiq isə onların motivasiyasını azalda bilər”.

Mütəxəssis vurğulayıb ki, cəmiyyətin münasibəti peşəkarların sistemdən uzaqlaşmasına səbəb ola bilər:

“Bəzən biz cəmiyyət olaraq o qədər yaxşı mütəxəssisləri itirə bilərik ki, gələcəkdə onlara ehtiyacımız olacaq. Həddindən artıq tənqid və mənfi münasibət həkimləri peşədən uzaqlaşdıra bilər”.

O qeyd edib ki, xroniki ağrı yaşayan pasiyentlərdə impulsiv davranışlar müşahidə oluna bilər:

“Belə pasiyentlər daha həssas və impulsiv olurlar, davranışlarında və fikirlərində aqressivlik yarana bilər. Bu isə həkim üçün əlavə psixoloji yük deməkdir”.

Psixoloq əlavə edib ki, həkimlər peşəkar yanaşma ilə bu çətinlikləri idarə etməyə çalışırlar:

“Həkimlərə ilk öyrədilən prinsiplərdən biri empatiyadır. Onlar pasiyentə qarşı aqressiya göstərməməli, anlayışla yanaşmalıdırlar”.

Onun sözlərinə görə, pasiyentlər də məsuliyyətli davranmalıdır:

“Pasiyent anlamalıdır ki, həkimin tövsiyələrinə əməl etmək onun daha tez sağalmasına kömək edəcək. Mübahisə isə müalicə prosesinə mənfi təsir göstərir”.

Rövşən Nəcəfov vurğulayıb ki, həkimlərin əməyinə dəyər verilməlidir:

“Həkimlər bəzən 12 saatdan çox işləyir, gecə də pasiyentə kömək üçün ayağa qalxırlar. Onların yuxu və həyat rejimi pozulur. Buna görə də biz onları qorumalı və dəyərləndirməliyik. Çünki onların əsas vəzifəsi insanı yaşatmaqdır”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

05 May 2026