Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfəri zamanı Bakıda müharibə cinayətlərinə görə məsuliyyətə cəlb edilən erməni separatçıları ilə bağlı məsələni əvvəlcə Nikol Paşinyanla, daha sonra isə Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etmək istədiyini deməsi regionda yeni siyasi müzakirələr yaradıb.
Xüsusilə Qarabağdakı keçmiş separatçı rejimin rəhbərləri ilə bağlı məsələnin yenidən beynəlxalq siyasi ritorikaya daşınması Bakı tərəfindən həssas yanaşılan mövzulardan biridir. Azərbaycan bu şəxsləri “əsir” yox, konkret cinayət əməllərinə görə məsuliyyət daşıyan şəxslər kimi təqdim edir və məsələni ölkənin daxili hüquqi prosesi hesab edir. Bu baxımdan Makronun açıqlaması həm Bakı-Paris münasibətləri, həm də Avropa İttifaqının region siyasəti fonunda diqqətlə izlənilir. Çünki son aylarda Fransa ilə Azərbaycan arasında müəyyən yumşalma siqnalları görünməyə başlamışdı və Parisin yenidən emosional erməni gündəminə yaxınlaşması həmin prosesi risk altına sala bilər.
Makronun bu açıqlaması ilk növbədə Fransa daxilindəki siyasi auditoriyaya hesablanmış addım təsiri bağışlayır. Fransada erməni diasporunun və lobbisinin siyasi təsir imkanları kifayət qədər genişdir və Yelisey sarayı bu faktoru nəzərə almağa məcburdur. Xüsusilə Ermənistan səfəri zamanı bu mövzunun tam diqqətdən kənarda qalması Makron üçün daxildə siyasi narazılıq yarada bilərdi. Buna görə Fransa prezidenti daha çox simvolik və balanslı görünməyə çalışan mesaj verməyə üstünlük verdi. Amma problem ondadır ki, Qarabağ məsələsində Bakı artıq əvvəlki illərdəki kimi xarici siyasi təzyiqlərə açıq mövqe nümayiş etdirmir. Azərbaycan tərəfi bu məsələni suverenlik və hüquqi məsuliyyət çərçivəsində təqdim edir və burada güzəşt imkanlarının çox məhdud olduğu görünür.
Digər mühüm məqam isə Nikol Paşinyanın özünün bu məsələdə əvvəlki revanşist dairələrdən fərqli yanaşma sərgiləməsidir. Ermənistan hakimiyyəti son dövrdə daha çox regional kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və Qərblə münasibətlərin genişləndirilməsi xəttinə üstünlük verir. Bu səbəbdən İrəvan üçün hazırda əsas prioritet yeni qarşıdurma yaratmaq yox, münasibətləri mümkün qədər idarəolunan səviyyədə saxlamaqdır. Paşinyan anlayır ki, separatçı rəhbərlərlə bağlı sərt kampaniya aparılması Bakı ilə normallaşma prosesinə birbaşa zərbə vura bilər. Məhz buna görə Ermənistan hakimiyyətinin bu mövzuda emosional ritorikadan nisbətən uzaq durduğu hiss olunur. Bu isə Fransanın bəzi hallarda Ermənistanın özündən daha sərt mövqe nümayiş etdirməsi kimi paradoksal vəziyyət yaradır.
Emmanuel Makronun bundan sonra İlham Əliyevlə əlaqə yaratmaq cəhdləri istisna deyil. Lakin Paris artıq anlayır ki, Cənubi Qafqazda əvvəlki dövrlərin siyasi təsir mexanizmləri xeyli zəifləyib. Azərbaycan regiondakı yeni geosiyasi reallığın dəyişməz olduğunu vurğulayır və Qarabağ məsələsinin bağlandığını hesab edir. Əgər Fransa bu mövzunu davamlı siyasi təzyiq alətinə çevirməyə çalışsa, bu, təkcə Bakı ilə münasibətləri deyil, ümumilikdə Parisin regiondakı vasitəçilik imkanlarını da zəiflədə bilər. Çünki Avropa İttifaqı hazırda daha çox nəqliyyat, enerji və regional sabitlik gündəmi üzərində dayanmağa çalışır. Bu fonda emosional və birtərəfli siyasi xətt həm Aİ daxilində, həm də regionda Fransanın manevr imkanlarını daralda bilər.
Züriyə Qarayeva
Bakı 




