ABŞ və İran arasında müzakirə olunan 45 günlük atəşkəs ehtimalı Yaxın Şərqdə onsuz da həssas olan güc balansını yenidən gündəmə gətirib. Regionda davam edən gərginlik fonunda belə bir fasilənin yalnız hərbi deyil, eyni zamanda siyasi və diplomatik nəticələri də diqqət mərkəzindədir.
Atəşkəsin tərəflərə hansı strateji imkanlar qazandıra biləcəyi və bu müddətin gələcək qarşıdurmanın istiqamətinə necə təsir edəcəyi əsas müzakirə mövzularından biri kimi çıxış edir.
ABŞ və İran arasında müzakirə olunan atəşkəs Yaxın Şərqdə formalaşmış güc balansında hansı strateji dəyişikliklərə səbəb ola bilər? Bu razılaşma Donald Tramp administrasiyasının İran siyasətinin gələcək konturlarını nə dərəcədə müəyyənləşdirə bilər?
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, atəşkəs məsələsi hazırda ABŞ üçün daha böyük əhəmiyyət kəsb edir. Qərb ekspertlərinin fikrincə, Ağ Evdə müəyyən narahatlıq mövcuddur və bunun iki əsas səbəbi göstərilir.
Politoloq qeyd edib ki, buna birinci səbəb Yaxın Şərqdəki münaqişə ilə bağlı ABŞ daxilində artan etiraz dalğasıdır. Amerika cəmiyyətində narazılıq güclənir və bu təzyiqlər artıq tədricən siyasi elitaya da sirayət etməyə başlayıb. Bu baxımdan Tramp administrasiyası 45 günlük və ya ən azı bir aylıq atəşkəslə müəyyən fasilə qazanmağa çalışır:
"İkinci mühüm məqam isə ABŞ-nin bu münaqişəyə tam hazır olmaması ilə bağlı ehtimallardır. Vaşinqton quru əməliyyatlarına başlamaq məcburiyyətində qalıb, lakin bunun üçün əlavə zamana ehtiyac var. Xüsusilə İrana qarşı qurudan mümkün müdaxilə üçün hərbi kontingentin bölgəyə daşınması, əməliyyatların planlaşdırılması və hazırlıq prosesinin tamamlanması məqsədilə fasilə vacib sayılır".

Elçin Xalidbəyli: Ağ Evdə müəyyən narahatlıq mövcuddur
Onun sözlərinə görə, bununla yanaşı, ABŞ Yaxın Şərqdə aparılan əməliyyatlar zamanı ciddi həcmdə silah-sursat istifadə edib. İndi həmin ehtiyatların bərpası və yenidən komplektləşdirilməsi zərurəti yaranıb. Yalnız bundan sonra əməliyyatların əvvəlki intensivlik və effektivliklə davam etdirilməsi mümkün ola bilər:
"Beləliklə, ABŞ üçün atəşkəsə ehtiyac həm hərbi hazırlığın tamamlanması, həm də mümkün danışıqlar variantlarının yoxlanılması ilə bağlı görünür. Bu fasilə ya münaqişəni daha da dərinləşdirərək tam hərbi nəticəyə nail olmaq üçün hazırlıq mərhələsi kimi, ya da qarşı tərəflə anlaşma imkanlarını qiymətləndirmək üçün istifadə oluna bilər.
Digər tərəfdən, Trampın son açıqlamasında qeyd edilir ki, İrana verilmiş 48 saatlıq vaxt ikinci gün başa çatır və bundan sonra daha ağır və dağıdıcı zərbələr endirilə bilər. Bu bəyanatın nə dərəcədə reallığa çevriləcəyi isə yaxın günlərdə aydın olacaq".
Zeynəb Rzayeva
Bakı 




