Türkiyənin Ağrı bölgəsində, Doğubəyazıdın əzəmətli dağları qoynunda ucalan saray ilk baxışdan insanı özünə cəlb edir. Qayalıqlar üzərində qurulan bu möhtəşəm tikili keçmişin sirlərini özündə qoruyaraq əsrlərdir tarixə şahidlik edir. Buraya gələn insan yalnız bir sarayı seyr etmir, həm də Osmanlı dövrünün memarlıq ənənələrinə, sənətkarlığına və həyat tərzinə səyahət edir.
Bura İshaq Paşa Sarayıdır. Tikintisinə 1685-ci ildə başlanılıb, 1784-cü ildə isə tamamlanan saray. Təxminən bir əsrə başa gələn saray. Elə bunun özü kompleksin nə qədər mürəkkəb və genişmiqyaslı layihə olduğunu göstərir. İshaq Paşa Sarayı Osmanlı memarlığının seçilən nümunələrindən biri olmaqla yanaşı, Səlcuq və Fars memarlıq ənənələrinin izlərini də özündə birləşdirir.

Sarayın əsas giriş qapısı xüsusi diqqət çəkir. Daş üzərində işlənmiş naxışlar, relyeflər və incə bəzəklər dövrün ustalarının sənətkarlıq bacarığından xəbər verir. Hər bir detalda zəhmət, zövq və estetik düşüncə var.
Sarayın həyətinə daxil olduqda insanı fərqli bir atmosfer qarşılayır. Burada hər bir detalın öz hekayəsi var. Şərq və Qərb memarlıq üslublarının izlərini daşıyan saray müxtəlif mədəniyyətlərin qovuşduğu məkan təsiri bağışlayır.

Bu gün İshaq Paşa Sarayı Türkiyənin şərqində yerləşən mühüm tarixi-mədəni məkanlardan biridir. Yerli və xarici turistlər buraya həm memarlıq nümunəsini görmək, həm də bölgənin tarixi ilə yaxından tanış olmaq üçün gəlirlər.
Burada tarix yalnız kitab səhifələrində qalmır. Elə İshaq Paşa Sarayının əsas üstünlüyü də ondadır. O, daş divarlarda, tağlarda, həyətlərdə və memarlıq detallarında özünü göstərir. Ziyarətçi bu məkanı gəzərkən keçmişlə bu gün arasında mənəvi bir bağ hiss edir.

İshaq Paşa Sarayı sadəcə hökmdar ailəsinin yaşadığı məkan olmayıb. Burada idarəçilik, gündəlik həyat və müxtəlif mərasimlər üçün nəzərdə tutulan bölmələr yerləşib. Kompleksə hərəm, məscid, hamam, mətbəx, mərasim salonları və digər xidmət sahələri daxil olub.

Sarayın diqqətçəkən xüsusiyyətlərindən biri də otaqların daş divarlarında görünən və mərkəzləşdirilmiş istilik sistemi ilə əlaqələndirilən quruluş elementləridir. Bu detal o dövrün tikinti təcrübəsi və rahatlıq anlayışı haqqında maraqlı təsəvvür yaradır.
Kompleks iki əsas həyət ətrafında formalaşıb. Oranı gəzdikcə müxtəlif memarlıq üslublarının və tikinti həllərinin bir araya gəldiyini görmək mümkündür. Məscid və türbə də sarayın tarixi-mədəni əhəmiyyətini artıran mühüm hissələrdəndir.

...İshaq Paşa Sarayından ayrılarkən insanın yaddaşında yalnız daşdan hörülmüş divarlar qalmır. Burada gördüyü sənətkarlıq, duyduğu tarix və seyr etdiyi mənzərə uzun müddət xatirələrdə yaşayır.
Bəzən bir tarixi abidəni anlamaq üçün onun haqqında oxumaq kifayət etmir - onu görmək, həyətlərində gəzmək və əsrlərin nəfəsini hiss etmək lazımdır. İshaq Paşa Sarayı kimi...
Qalib İbrahimoğlu
Türkiyə, Doğubəyazıd





















