• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Azərbaycan COP17-də iştirak edəcək? 

SİYASƏT

16 Oktyabr 2026 | 10:00 | Müəllif: Gülşən Şərif

Azərbaycan COP17-də iştirak edəcək?

Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan bildirib ki, Ermənistanda keçiriləcək BMT-nin biomüxtəliflik üzrə COP17 konfransında Azərbaycan və Türkiyə nümayəndələrinin iştirak edib-etməyəcəyi hələlik məlum deyil. 

Maraqlıdır, Azərbaycanın COP17 konfransında iştirakı gözləniləndirmi? 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistanda keçiriləcək COP17 Konfransında Azərbaycanın iştirakı ilə bağlı məsələ təkcə ekoloji əməkdaşlıq məsələsi deyil. 

Onun sözlərinə görə, bu, həm də siyasi və diplomatik münasibətlər məsələsidir: 

"Azərbaycanın COP17-də iştirakı nəzəri baxımdan mümkündür. Çünki Azərbaycan BMT-nin beynəlxalq ekoloji proseslərində iştirak edən dövlətdir və belə tədbirlərdə təmsilçilik diplomatik münasibətlərin səviyyəsindən asılı olmayaraq, çoxtərəfli əməkdaşlıq imkanları yarada bilər. Bununla belə, nümayəndə heyətinin göndərilməsi barədə qərar siyasi şərait, təhlükəsizlik məsələləri, tədbirin formatı və gözlənilən nəticələr nəzərə alınmaqla verilə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən iştirakına gəldikdə isə, bu, adi nümayəndə heyətinin iştirakından tamamilə fərqli siyasi məna daşıyardı. Dövlət başçısının İrəvana səfəri yüksək səviyyəli diplomatik təmaslar, təhlükəsizlik təminatları və ciddi siyasi hazırlıq tələb edir". 

R. Bayramov vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılsa da, həllini gözləyən məsələlər və qarşılıqlı etimadın möhkəmləndirilməsi zərurəti qalır: 

"Onu da nəzərə alaq ki, 2024-cü ildə Bakıda keçirilən COP29-da Ermənistanın rəsmi hökumət nümayəndələri iştirak etməyiblər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 13 noyabr 2024-cü ildə parlamentdə çıxışı zamanı heç bir Ermənistan rəsmisinin konfransda iştirak üçün qeydiyyatdan keçmədiyini bildirmişdi, halbuki Azərbaycan tərəfi Ermənistana da müvafiq dəvət ünvanlamışdı", - deyə müsahibimiz qeyd edib. 

Politoloq Rəşad Bayramov

Politoloq diqqətə çatdırıb ki, Azərbaycanın COP17-də hansı səviyyədə təmsil olunacağı və ya ümumiyyətlə təmsil olunacağı barədə hələ ki, rəsmi qərar verməyib. 

"Ümumiyyətlə isə diplomatik münasibətlərin inkişafı simvolik jestlərlə başlaya bilər, lakin onların davamlı nəticələrə çevrilməsi qarşılıqlı addımlardan və öhdəliklərin icrasından asılıdır. Ermənistan tərəfi isə hələlik götürülən öhdəliklərlə bağlı ancaq bəyanatlar verməklə kifayətlənir". 

Qeyd edək ki, BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası (COP17) 19-30 oktyabr tarixlərində İrəvanda keçiriləcək. Hazırlıq tədbirləri və “Yaşıl zona”nın fəaliyyəti isə oktyabrın 18-də başlayacaq.  

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026