Mətbuat Şurasına daxil olan şikayətlərin sayı azalıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qurultayda medianın qarşısında duran ciddi çağırışlar və yeni texnologiyaların jurnalistikaya təsiri müzakirə olunub.
Vüqar Zifəroğlu yeni İdarə Heyətinin qarşıdakı çağırışlara yüksək səviyyədə cavab verəcəyinə əminliyini ifadə edib. O qeyd edib ki, Mətbuat Şurası jurnalistikanın inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək və müxtəlif layihələr həyata keçirəcək.
Şura sədri, həmçinin 2022–2026-cı illəri əhatə edən dövrdə quruma daxil olan şikayətlərin sayında azalma tendensiyasının müşahidə olunduğunu bildirib.
Onun sözlərinə görə, Mətbuat Şurasına daxil olan bütün şikayətlər araşdırılacaq və onların həlli istiqamətində müvafiq tədbirlər görüləcək.
Vüqar Zifəroğlu jurnalistlərin peşəkarlığının artırılması və Mətbuat Şurasının fəaliyyəti üçün əlverişli şəraitin yaradılması nəticəsində gələcəkdə şikayətlərin daha da azalacağına, hətta tamamilə aradan qalxacağına ümidvar olduğunu vurğulayıb.
Əli Hüseynov
















