• Bakı C

    9.1 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Orduda qadın rəhbərlər: Nə mane olur?

CƏMİYYƏT

13 Aprel 2026 | 17:09

Orduda qadın rəhbərlər: Nə mane olur?

Azərbaycan Ordusu regionun ən güclü hərbi strukturlarından biri kimi formalaşaraq kadr potensialını davamlı şəkildə inkişaf etdirir. Orduda qadınların da xidmət imkanları mövcuddur və onlar müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Bununla belə, qadınların ali hərbi rəhbər vəzifələrdə təmsilçiliyi məsələsi hələ də müzakirə mövzusu olaraq qalır.

Bəs Azərbaycan Ordusunda qadınların ali hərbi rəhbər vəzifələrə təyinatı nə zaman real gündəliyə çevrilə bilər?

Ədalət Verdiyev: Müvafiq təcrübə, bilik, savad və təhsil əsas şərtlərdir

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev bildirib ki, ali rəhbər səviyyəsinə təyin olunmaq üçün qadınlar müəyyən kriteriyalara cavab verməlidirlər. Onların idarəetmə sistemində və hərbi sahədə ciddi təcrübəyə malik olmaları vacibdir. Belə kadrlar yetişdiyi halda, onların rəhbər vəzifələrə təyin olunması tamamilə normaldır və gələcəkdə bu məsələnin daha geniş şəkildə gündəmə gəlməsi mümkündür:

"Digər sahələrdə olduğu kimi, silahlı qüvvələrdə də çox sayda qadın uğurla xidmət edir. Onların arasında həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibələrində iştirak edənlər, hətta şəhid olan qadınlar da var".

Ekspert vurğulayıb ki, rəhbər vəzifələrə yüksəlmək üçün müvafiq təcrübə, bilik, savad və təhsil əsas şərtlərdir. Onun sözlərinə görə, bu gün artıq bir çox sahələrdə qadınlar rəhbər mövqelərdə fəaliyyət göstərirlər:

“Xüsusilə rabitə və tibb sahələrində qadınların rəhbər vəzifələrdə təmsilçiliyi daha geniş yayılıb”.

Ayxan Məmmədli: Cəmiyyətdə qadın hərbi lider obrazı hələ geniş qəbul edilməyib

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan hüquqşünas Ayxan Məmmədli bildirib ki, Azərbaycan Ordusunda qadınların ali hərbi rəhbər vəzifələrə təyinatı haqqında məsələ son illərdə daha tez-tez gündəmə gələn mövzulardandır. Qanunvericilik baxımından bu prosesə mane olan konkret qadağa mövcud deyil. Lakin faktiki vəziyyət göstərir ki, institusional ənənələr uzun müddət ərzində bu sahədə kişi dominantlığını qoruyub:

"Qadınların ali komandanlıq və qərarverici postlara yüksəlməsi üçün ilk növbədə hüquqi mexanizmlərin dəqiqləşdirilməsi tələb olunur. Hərbi xidmətlə bağlı normativ aktlarda qadınların yüksək rütbələrə irəliləməsinə dair ayrıca tənzimləmələr yoxdur. Bu isə karyera pilləliyində boşluqlar yaradır. “Gender bərabərliyi” haqqında qanunun müdafiə sektorunda icra mexanizmləri də kifayət qədər institusional təminat tapmayıb. Qadın zabitlərin hərbi akademiya və ali qərargah hazırlığı proqramlarına tam və bərabər çıxışı həlledici şərtlərdən biridir".

Müsahibimizin sözlərinə görə, hərbi təhsil sistemi bu istiqamətdə yenilənməlidir. Komandanlıq və liderlik təcrübələri olmadan qadınların yüksək vəzifələrə təyinatı real görünmür. Bu səbəbdən qadınların döyüş hazırlığı kurslarında iştirak imkanları genişləndirilməlidir. Onun sözlərinə görə, Müdafiə Nazirliyində gender siyasətini koordinasiya edən ayrıca struktur bölmə yaradılması vacib addım ola bilər. Belə struktur həm institusional boşluqları aradan qaldırar, həm də siyasətin davamlılığını təmin edər. Sosial mühitin hazır olması da mühüm faktordur:

"Cəmiyyətdə qadın hərbi lider obrazı hələ geniş qəbul edilməyib. Bu səbəbdən maarifləndirmə və ictimai rəyin formalaşdırılması prosesləri ön plana çıxır. Qadınların orduda yüksək riskli və məsuliyyətli vəzifələrə təyin olunması stereotiplərin qırılması ilə mümkün olacaq. Psixoloji və peşəkar mentorluq proqramlarının genişləndirilməsi qadın kadrların motivasiyasını artırar. Region ölkələrinin təcrübəsi göstərir ki, gender inklüzivliyi olan ordular daha çevik və çevrilməyə açıq olur. Azərbaycan da bu trendlərdən kənarda qalmamalıdır. Ali hərbi rəhbərlikdə qadınların təmsilçiliyi həm də modernləşmə prosesinin göstəricilərindən biridir".

A.Məmmədli qeyd edib ki, bu proses siyasi iradə ilə birlikdə normativ təminat tələb edir. Hazırda zəif tərəf məhz institusional mexanizmlərin yetkin olmamasıdır. Lakin dəyişikliklər mərhələli şəkildə aparılarsa, nəticə real görünür. Qısa müddətdə hüquqi baza yenilənsə, qadınların hərbi təhsil imkanları artırılsa, sosial dəstək güclənsə, böyük irəliləyiş mümkündür:

"Ekspert qiymətləndirməsinə görə, bu sahədə dönüş üçün 5-10 illik zaman çərçivəsi kifayət edə bilər. Azərbaycan Ordusunda qadın general və ali komandan kadrların görünməsi məhz bu şərtlərin ardıcıl şəkildə reallaşdırılmasından asılıdır. Bu isə həm hüquqi, həm institusional, həm də sosial iradənin vəhdətini tələb edir".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR