ABŞ ilə İran arasında keçirilən son görüşün formal nəticəsi yoxdur. Razılaşma əldə edilməyib, tərəflər əsas məsələlərdə geri çəkilməyib və gərginlik də azalmayıb.
İlk baxışda bu, uğursuz diplomatiya təsiri bağışlayır. Amma prosesə bir qədər dərindən baxanda görünür ki, burada əsas məsələ razılaşmanın imzalanmaması deyil. Əsas məsələ odur ki, hər iki tərəf hələ də bir-birini hərbi və siyasi baxımdan tam sındıra bilmədiyini anlayır. Məhz buna görə masa dağılsa da, dialoq xətti tam bağlanmır. Bu, klassik sülh prosesi deyil. Bu, qarşı tərəfin dözümlülüyünü, sərhədlərini və geri çəkilmə həddini yoxlamaq üçün aparılan gərgin strateji təmasdır.
Bu görüşdən nəticə çıxmamasının əsas səbəbi tərəflərin texniki detallarda deyil, siyasi mahiyyətdə toqquşmasıdır. ABŞ Hörmüzdə tam açıq keçid, İranın nüvə imkanlarına real məhdudiyyət və regiondakı təsir rıçaqlarının zəiflədilməsini istəyir. İran isə bunun əvəzində sadəcə sanksiyaların qismən yumşaldılmasını deyil, öz təhlükəsizlik arxitekturasının və dövlət nüfuzunun tanınmasını tələb edir. Yəni Vaşinqton davranış dəyişikliyi istəyir, Tehran isə statusunun qəbulunu. Problem də məhz buradadır. Bir tərəf qarşı tərəfin əlini zəiflətmək istəyir, o biri tərəf isə masaya zəif görünərək oturmaq istəmir. Belə şəraitdə diplomatiya razılaşma istehsal etmir, sadəcə toqquşmanı idarə edir.
Məhz buna görə indiki mərhələdə danışıqların nəticəsiz qalması təsadüfi yox, struktur xarakter daşıyır. Çünki burada tərəflər arasında etimad yoxdur, ümumi siyasi dil yoxdur, hətta “ədalətli razılaşma” anlayışının özü də fərqli başa düşülür. ABŞ üçün ədalətli razılaşma İranın təhlükə yaratmaq imkanlarının məhdudlaşdırılmasıdır. İran üçün isə ədalətli razılaşma milli maraqlarının, suveren qərarlarının və qırmızı xətlərinin toxunulmaz qalmasıdır. Bu iki yanaşma arasında körpü qurulmadıqca, hər görüş sadəcə növbəti fikir ayrılığının daha rəsmi formada qeydə alınmasına çevriləcək. Ona görə də masa arxasında sakit görünən proses əslində çox sərt siyasi qarşıdurmanın başqa formasıdır.
Burada diqqət çəkən başqa bir məqam da var. Tərəflərin açıqlamalarından görünür ki, görüşə baxışları tam fərqlidir. ABŞ tərəfi nəticəsizliyi İranın güzəştə getməməsi kimi təqdim edir. İran isə eyni mənzərəni Vaşinqtonun ultimativ və maksimalist tələbləri ilə izah edir. Deməli, danışıqlar yalnız xarici siyasət aləti deyil, eyni zamanda daxili auditoriyaya ünvanlanan siyasi tamaşadır. Hər iki hakimiyyət öz ictimai rəyinə zəif görünməməyə çalışır. Bu səbəbdən kompromis imkanları masa üzərində yox, daha başlamadan siyasi ritorikanın içində daralır. Liderlər hər nə qədər diplomatiyadan danışsalar da, onların dili daha çox geri çəkilməmək üzərində qurulub. Belə mühitdə isə razılaşma mətni yox, mövqe sərtliyi ön plana keçir.
Bütün bunların fonunda hazırkı mənzərəni belə oxumaq daha doğrudur: görüş baş tutdu, amma tərəflər yaxınlaşmadı. Sadəcə qarşı tərəfin hansı həddə qədər gedə biləcəyini bir daha yoxladılar. Bu baxımdan görüş nəticəsiz deyil. O, əksinə, gələcək mərhələnin konturlarını daha aydın göstərdi. Aydın oldu ki, gərginlik hələ bitməyib. Aydın oldu ki, Hörmüz məsələsi, nüvə dosyesi və regional təsir savaşı hələ də əsas düyün nöqtələridir. Aydın oldu ki, tərəflər danışıqlardan çıxmaq istəmir, amma razılaşmaya da hələ hazır deyillər. Bu isə o deməkdir ki, yaxın dövrdə nə tam diplomatik yumşalma, nə də tam sabitlik gözləmək real görünür.
Hazırkı mərhələdə ən doğru qiymətləndirmə budur ki, bölgə açıq müharibə ilə tam sülh arasında asılı vəziyyətdə saxlanılır. Bu, nə dondurulmuş münaqişədir, nə də həll yoluna girmiş böhrandır. Bu, idarə olunan gərginlik modelidir. Tərəflər bir-birinə tam zərbə vurmaqdan çəkinir, amma geri də çəkilmir. Belə vəziyyət isə ən təhlükəli mərhələlərdən biridir. Çünki diplomatik kanallar açıq qalsa da, siyasi iradə hələ razılaşma istehsal etmir. Nəticədə hər yeni görüş ümid yox, daha çox zaman qazanmaq cəhdi kimi görünür. Bu zaman isə böhran həll olunmur, sadəcə növbəti partlayış nöqtəsinə qədər daşınır.
Züriyə Qarayeva
Bakı 




