• Bakı 10° C

    8.3 m/s

  • USD - 1.7

    EUR - 1.9867

    RUB - 2.2082

Müharibə, maaş artımı, kino sənəti... - Fazil Mustafa ilə GÜNDƏM MÜSAHİBƏ

MÜSAHİBƏ

13 Aprel 2026 | 15:20

Müharibə, maaş artımı, kino sənəti... - Fazil Mustafa ilə GÜNDƏM MÜSAHİBƏ

Bu gün dünyanın diqqəti ABŞ-İran müharibəsinə yönəlib. Ötən həftənin Fevralın sonundan başlayan qarşıdurma davam edir. Tərəflərin Pakistanın paytaxtı İslamabadda atəşkəslə bağlı keçirdikləri görüş də nəticəsiz qaldı.

Baş verənlər ciddi suallar ortaya qoyur. Bakıvaxtı.az həmin suallara Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa ilə cavab axtarır.

Müsahibəni təqdim edirik.

- ABŞ və İsrailin İranla apardığı savaş hansı müddətə qədər davam edəcək və nə ilə nəticələnəcək?

- Əslində bu savaş fasilələrlə davam edəcək, çünki razılaşmaq imkanları məhduddur. İsrail üçün İranın zəifləməsi həyati önəm daşıyır. İran 40 ildən artıqdır, İsrail və Amerikanı inkar edən bir siyasət yürüdür. Ona görə də bu proses belə rahatlıqla, anlaşma ilə başa çatmayacaq.

Amerika və İsrail müəyyən aralıqlarla müxtəlif ziyanvurma, təzyiq altında saxlama taktikasını davam etdirəcək. Təbii ki, İran da əks zərbələrini vuracaq. Amma müharibə hansı ölkənin ərazisində gedirsə, ən çox zərərli çıxan da o ölkə olur. Əsas olan müharibəni öz ölkənə buraxmamaqdır.

- Amerika-İsrail tandemi ilə İran arasında müvəqqəti atəşkəs elan edildi.  ABŞ özünü qalib saydı, İran isə bunu inkar etdi. Sizcə, kim qalibdir və ya qalib olacaq?

- Müharibənin nəzərdə tutulan hədəflərə çatıb-çatmaması önəmlidir. Amerika hədəfinə çatdımı? Biz ABŞ-nin hədəfini anlaya bilmədik. İsrailin hədəfi məlumdur. İranın onu istənilən zaman vurmaq potensialını nəzərə alaraq, bu prosesi yekunladırmağı düşünürdü.

Bu, bir günün məsələsi deyil. Bundan əvvəl də İsrail İrana xeyli zərbələr vurmuşdu. İran da cavab zərbələri endirmişdi. Bu mənada hesab edirəm ki, atəşkəs müvəqqətidir. Hədəflərin müəyyənləşməsinə ehtiyac var. Doğrudanmı Amerika İranın nüvə silahı istehsal etməsinə qarşı bu addımı atıb və yaxud da İranın zəifləməsi üçün bunu edib? Bəlkə Çinə qarşı İran “kartı”nın zəiflədilməsi məqsədi güdür. Bunların hamısını yaxın zamanlarda daha aydın görəcəyik. Ona görə də tələsik qərar vermək, rəy bildirmək doğru olmazdı.

- NATO və bəzi üzv ölkələr bu məsələdə ABŞ-nin yanında dayanmadı. Səbəb nə idi?

- Çünki bu məsələdə ABŞ NATO ilə birlikdə hərəkət etmədi. İraqa da hücum edəndə Böyük Britaniya, Yeni Zelandiya, Avstraliya və daha çox Anqlo-Saks qüvvələri və dövlətləri ilə birgə hərəkət edildi. Ona görə də bu dəfə ABŞ NATO və Böyük Britaniyanı nəzərə almadan addım atdı. Proses daha çox İsrail-Amerika müttəfliqliyi ilə davam etdi. Ona görə də NATO özlüyündən prosesə necə qoşulsun? Onu dəvət etsəydilər, müzakirəyə çağırsaydılar və prosesi birlikdə qərara alsaydılar, NATO buna qoşulardı. Amerikanın bu iddiası açığı bir qədər təəccüblü görünür. NATO-nun da əlində əsas var ki, hansısa bir şəkildə prosesdə NATO-nun iştirakı nəzərdə tutulmadığına görə onlar da qoşulmayıbdır.

- İddialar var ki, İran bu savaşdan qalib ayrılarsa, Azərbaycanla münasibətdə sərt siyasət, ritorika seçə bilər. Bu, doğru yanaşmadırmı? Ümumiyyətlə, İran qalib ayrıla bilərmi?

- Ümumiyyətlə, İran bu müaribədən hansı şərtlərlə qalib ayrıla bilər? Bir ölkənin potensialını havadan rahatalıqla vurma imkanına malik olan ABŞ və İsrail İrana hansı formada məğlub ola bilər? İran özünü qalib elan etsə də, bir boğazı bağlamaqla qalib olunmur. Yəni əsas olan özünümüdafiə imkanları məsələsidir. Təbii ki, İran zərbələr vurur, amma özünümüdafiə məsələsində böyük problemlər yaşayır. ABŞ və İsrail İranın istənilən infrastrukturunu dağıtmaq imkanına sahibdir. Ona görə də “qalib gəlmək” ifadə olaraq, doğru deyil. Hücumları dəf etmək, cavab vermək kimi addımlar atılır. Amma müharibədə qalib gəlmək üçün İran Amerika və İsraili necə məğlub edəcək? Onlar təslimçilik aktına imza çəkəcəklərmi? Bu, inandırıcı deyil. Hələ ki, onlar İrandan hansısa bir şəkildə özünəməxsus hüquqları gerçəkləşdirməyə imkan tanımırlar. İran müstəqil dövlətdir, nüvə silahına da sahib ola bilər, amma icazə vernirlər. Yəni şərtləri ABŞ və İsrail diktə edir. Bu mənada burada qalib məsələsi bir az ideoloji təbliğatdan başqa bir məna ifadə etmir. Hələ ki qalibiyyət simptomları görünmür.

- Rəsmi Bakının indiki halda yürütdüyü balanslı siyasət ölkəmizi "sahilə salamat çıxara biləcəkmi?"

- İran Azərbaycana qarşı həmişə sərt siyasət yürüdüb. İranda qonşularla normal, mədəni münasibət qurmaq anlayışının qalib gəlməsi mümkündür. Burada məsələyə bir dövlətin ümumi siyasəti kimi baxmaq olmaz. Bu, hakimiyyətdə olan qüvvələrin prosesi necə yönləndirəcəyindən asılıdır. Məsələyə daha çox bu istiqamətdə baxılmalıdır. Azərbaycan elə “kiçik loxma” deyil ki, istənilən ölkə bizimlə istədiyi kimi davransın. Azərbaycanın özünəməxsus imkanları, mütəffiqləri və gücü var. Bu mənada biz dostluğa dostluq, qonşuluğa qonşuluq prinsipinə əməl etməyə çalışırıq. Bu, düşmənliyə çevriləndə biz də öz tədbirlərimizi görməyə hazırıq.

- Bir az da daxili məsələlərə diqqət yetirək. Bu günlərdə bəzi nazirlərin, nazir müavinləri və deputatların maaşları artırıldı. Bu addım cəmiyyətdə az da olsa narazılığa səbəb oldu. Sizcə, bu hal niyə hiddət doğurur?

- Maaşların artırılması məsələsi bir az fərqli təqdim olundu. Əslində burada əlavə əmək haqları və əlavə öndənişlərin hamısı birləşdirilərək, ümumi maaş prinsipinə gedildi. Bu, təkcə deputatlara aid deyil. Bütün dövlət məmurlarının maaşları dəqiqləşdirildi və eyni zamanda ardınca diplomatların, məhkəmə orqanları əməkdaşlarının da maaşları artırılacaq. Elə bir sahə yoxdur ki, orada maaşların qaldırılması nəzərdə tutulmasın. Buna müvafiq olaraq, sosial xərclər də yüksələcək. Sosial müavinətlər də artırılacaq. Bu istiqamətdə paralel dövlət siyasəti axıra qədər həyata keçiriləcək. Ona görə də bunu deputatlarla əlaqələndirmək doğru deyil. Bütün dövlət orqanlarında çalışan məmurların eyni qaydada maaşlarının artırlmasından söhbət getməldir.

- Bu günlərdə Xalq artisti Rasim Balayevi itirdik. Onun vəfatından sonra sədri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqında sədrliyin kimə həvalə edilməsi ilə bağlı fikirlər, rəylər dolaşır. Sizə görə, ən real və uğurlu namizəd kim ola bilər?

- Rasim Balayevə Allah rəhmət eləsin. Onun vəfatı ilə bu məsələ yenidən gündəmə gəldi. Əvvəllər də bu qurum ətrafında zidiyyətlər vardı. Bu qurumun varlığı Azərbaycan kinosunun inkişafına güclü təsir göstərməcək, çünki elə bir geniş imkanları olmayan qurum təsir gücünə malik deyil. Ən nüfuzlu adam da o qurumun sədri olsa, bu sahədə dəyişiklik yaratmaq missiyanı üzərinə götürə bilməyəcək. Bu quruma kiminsə seçilməyi nəyisə dəyişmək demək deyil. Biz çalışmalıyıq ki, sənətin mədəniyyətin inkişafını həm dövlət, həm də cəmiyyət birlikdə həyata keçirsin. 1-2 manat verib, bilet alıb, öz komandasını dəstəkləməyə getməyən adam həm də yaxşı futbol istəyirsə, futbol istənilən səviyyədə olmayacaq. Xarici dövlətlərdə teatra ayrı-ayrı imkanlı insanlar məhz özlərinin sənətə olan münasibətlərinə görə dəstək verirlər. Bizdə bu yoxdursa, sənəti dövlətin vəsaiti hesabına yaşatmaq deyə bir anlayış özünü doğrultmayıb. Bu mənada kino sahəsində cəmiyyət, dövlət və özəl sektorun fədakarlıq etməsi müəyyən prosesləri dəyişə bilər.

Aydın Baxış


SON XƏBƏRLƏR