Ağdamın Sarıcalı kəndi ərazisində traktorla minaya düşən şəxs Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasına gətirilib.
Bakıvaxtı.az xəbər verir ki, Sarıyev Elmdar Xan oğluna sağ qolun kəsilmiş yarası və sağ daban sümüyünün sınığı diaqnozu qoyulub, ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
Məlumat üçün bildirək ki, adıçəkilən şəxs "K-700" markalı texnika ilə sahədə şum işləri apararkən tank əleyhinə minaya düşüb.
***
10:11
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində 2026-cı il 5 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib.
Bu barədə Bakıvaxtı.az-a ANAMA-dan məlumat verilib.
Ağcabədi rayonu Şotlanlı kənd sakini 1972-ci il təvəllüdlü Sarıyev Elmdar Xan oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Sarıyev Elmdar xəsarət alıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.
***
02:10
Ağdam rayonunda mina hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, əkin işləri aparan traktor minaya düşüb. Partlayış nəticəsində texnikaya ziyan dəyib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
















