Pilotu xilas etmək üçün keçirilən əməliyyatda ABŞ-ın digər bölmələrindən yüzlərlə xüsusi təyinatlı və hərbi qulluqçu iştirak edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Nəşrin məlumatına görə, riskli əməliyyat zamanı ABŞ komandoları düşmən ərazisinin dərinliklərinə nüfuz ediblər:
“Pilot ABŞ Hərbi Dəniz Qüvvələrinin “SEAL Team 6” xüsusi təyinatlıları tərəfindən təxliyə edilib. ABŞ-ın yüksək vəzifəli hərbi rəsmisinin sözlərinə görə, Hərbi Hava Qüvvələrinin polkovniki olan pilot və xüsusi təyinatlılar da daxil olmaqla, hamısı missiyadan sağ-salamat qayıdıb. Xilasetmə təyyarələri yaralı pilotu tibbi müalicə üçün Küveytə aparıb”.
Qəzet yazır ki, pilotun üzərində özünümüdafiə üçün yalnız tapança olub. Katapult etdikdən sonra zabit dağ yarğanında gizlənib. Onun harada olması barədə əvvəlcə nə amerikalılar, nə də iranlılarda məlumat olub:
“Pilot 24 saatdan çox İran qüvvələrindən yayınaraq 2 kilometrdən çox hündürlükdə bir təpəyə qalxıb. Amerika hücum təyyarələri iranlıların pilotun gizləndiyi yerə çatmasının qarşısını almaq üçün zərbələr endirib.
Pilot xilasetmə əməliyyatında iştirak edən qüvvələrlə əlaqə saxlamaq üçün mayak və təhlükəsiz rabitə avadanlığı ilə təchiz olunub. Lakin o, mayakından istifadəni məhdudlaşdırıb, çünki İran qüvvələri onun siqnalını tuta bilərdi.
Xilasetmə əməliyyatının son anlarında xüsusi təyinatlı qüvvələri və pilotları təhlükəsiz yerə çatdırmalı olan iki nəqliyyat təyyarəsi İran ərazisində sıradan çıxıb. Komandanlıq bütün Amerika hərbi heyətini və pilotu təxliyə etmək üçün üç yeni təyyarə göndərib. Xarab olmuş iki təyyarə İranın əlinə keçməməsi üçün yandırılıb”.
Bakı 




