Aralarında Fransa, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, İrlandiya, İtaliya, Almaniya və digər ölkələrin yer aldığı 30-dan çox dövlət İranda etirazçıları susdurmaq məqsədilə tətbiq olunan ölüm hökmündən imtina olunması məqsədi ilə Tehran hökumətinə çağırış edib. Onlar İranda etirazçıların edam edilməsini və ölüm hökmünün tətbiqini pisləyərək Tehranı bu praktikaya son qoymağa çağırıblar.
Bəyanata Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas da qoşulub. Ölkələr İran hakimiyyətini ölüm hökmünün tətbiqinə dərhal son qoymağa və özbaşına saxlanılan şəxsləri azad etməyə çağırıblar. Bəyanatda insanların ifadə və dinc toplaşmaq azadlıqlarından qorxmadan istifadə edə bilməli olduğu vurğulanıb. Fransa Xarici İşlər Nazirliyinin məlumatına görə, bəyanata əvvəlcə 26 ölkə və Kallas qoşulub. Daha sonra digər dövlətlərin də imza atması ilə iştirakçıların sayı 32-yə yüksəlib.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Samir Əsədli deyib ki, İranın etirazçılara qarşı ölüm hökmlərindən imtina etməsi ilə bağlı 30-dan çox dövlətin, eləcə də Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin çağırışı Tehrana qarşı artan beynəlxalq təzyiqin göstəricisidir.
Lakin ekspertin sözlərinə görə, belə çağırışlara İranın daxili siyasi sistemi, təhlükəsizlik yanaşması və xarici siyasət davranışı kontekstində baxmaq lazımdır:
“İran hakimiyyəti ölüm hökmünə sadəcə cinayət törətmiş şəxslərə qarşı tətbiq edilən hüquqi cəza kimi yanaşmır. Xüsusilə siyasi etirazlar, dövlət əleyhinə fəaliyyət, təhlükəsizlik ittihamları və hakimiyyətə qarşı kütləvi çıxışlarla bağlı işlərdə sərt cəzalar eyni zamanda çəkindirmə vasitəsi rolunu oynayır. Hakimiyyətin məqsədi yalnız konkret şəxsi cəzalandırmaq deyil, həm də digər vətəndaşlara mümkün etirazların ağır nəticələrə səbəb ola biləcəyi mesajını verməkdir”.
Müsahibimiz hesab edir ki, buna görə də ölüm hökmündən tamamilə imtina etmək Tehran üçün sadəcə hüquqi prosedurun dəyişdirilməsi deyil, daxili təhlükəsizlik strategiyasının müəyyən hissəsinə yenidən baxılması anlamına gələrdi. Dediyinə görə, məhz bu səbəbdən İranın beynəlxalq çağırışları dərhal qəbul etməsi az ehtimallıdır:
“Tehran uzun illərdir Qərb dövlətlərinin insan hüquqları ilə bağlı tənqidlərini siyasi təzyiq və ölkənin daxili işlərinə müdaxilə kimi təqdim edir. Hakimiyyət daxilində belə bir yanaşma mövcuddur ki, xarici təzyiq nəticəsində edilən açıq güzəşt rejimin zəif görünməsinə səbəb ola bilər. Xüsusilə ölkə daxilində siyasi gərginlik və etiraz əhval-ruhiyyəsi yüksəkdirsə, Tehran rəhbərliyi sərt mövqedən geri çəkilməyin yeni etirazları təşviq edə biləcəyini düşünə bilər”.

Samir Əsədli: İranın beynəlxalq çağırışları dərhal qəbul etməsi az ehtimallıdır
Analitikin qənaətincə, İranın ölüm hökmündən prinsip etibarilə imtina etməsi hazırkı mərhələdə çox çətin görünür:
“Ancaq İranda ölüm hökmlərinin dəyişdirilməsi, təxirə salınması və ya başqa cəzalarla əvəz edilməsi mümkündür. İranın hüquqi və siyasi sistemi daxilində ölüm hökmünün dəyişdirilməsi üçün müxtəlif mexanizmlər mövcuddur. Müəyyən hallarda məhkəmə hökmü yenidən nəzərdən keçirilə, daha yuxarı instansiya qərarı dəyişə, əfv və ya cəzanın yüngülləşdirilməsi mexanizmlərindən istifadə oluna bilər. Buna görə də Tehran istədiyi halda edam qərarlarını uzunmüddətli həbs və digər ağır cəzalarla əvəz edə bilər. Bu cür alternativlər İran hakimiyyəti üçün hətta müəyyən baxımdan daha əlverişli ola bilər”.
S.Əsədli qeyd edib ki, ölüm hökmü həyata keçirildikdən sonra geriyə dönüş mümkün deyil və belə qərarlar həm ölkə daxilində, həm də xaricdə ciddi rezonans doğurur. Uzunmüddətli həbs isə eyni şəxsi siyasi fəaliyyətdən uzaqlaşdırmağa imkan verir, amma hakimiyyətin əlində gələcək üçün əlavə seçimlər saxlayır:
“Məsələn, məhbus sonradan əfv edilə, cəzası azaldıla və ya müəyyən siyasi-diplomatik razılaşma çərçivəsində azad oluna bilər”.
Aydın Baxış
Bakı 



