Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat vəsait ayrılması barədə sərəncam imzalayıb. Bu qərar MR-in qarşıdakı illər üçün inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır.
Burada diqqətçəkən əsas məqam vəsaitin yalnız cari problemlərin həllinə deyil, Naxçıvanın iqtisadi və sosial infrastrukturunun uzunmüddətli əsaslarla yenilənməsinə yönəldilməsidir. Qərar eyni zamanda 2023-2027-ci illər üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin davamlı xarakter daşıdığını göstərir.
Naxçıvanın coğrafi mövqeyi və Azərbaycanın əsas ərazisindən ayrı yerləşməsi burada dayanıqlı infrastrukturun yaradılmasını xüsusilə vacib edir. Bu baxımdan enerji, nəqliyyat və kommunal təsərrüfat sahələrinə investisiyalar təkcə sosial xarakter daşımır, həm də muxtar respublikanın iqtisadi dayanıqlığını gücləndirir. Xüsusilə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Naxçıvanın öz enerji potensialından daha səmərəli istifadə etməsinə şərait yaradır. Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi də bu strategiyanın mühüm elementlərindən biridir.
Digər mühüm istiqamət yol-nəqliyyat infrastrukturunun yenilənməsidir. 420 kilometr uzunluğunda kəndlərarası, şəhər və kənd yollarının əsaslı təmirinin nəzərdə tutulması kifayət qədər böyük miqyaslı layihədir. Bu işlərin 26 yaşayış məntəqəsində yaşayan 156,3 min nəfəri əhatə etməsi layihənin sosial və iqtisadi təsir dairəsini göstərir. Yolların yaxşılaşdırılması insanların hərəkət imkanlarını genişləndirməklə yanaşı, kənd təsərrüfatı məhsullarının bazarlara çıxışını, rayonlararası iqtisadi əlaqələri və ümumilikdə biznes fəallığını da stimullaşdıra bilər. Şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi isə müasir və təhlükəsiz nəqliyyat sisteminin qurulması baxımından əhəmiyyətlidir.
Ayrılan vəsaitin mühüm hissəsinin insan kapitalı və sosial infrastruktura yönəldilməsi də xüsusi qeyd olunmalıdır. Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxanasının yaradılması universitetin imkanlarının genişləndirilməsi və tələbələrin sosial şəraitinin yaxşılaşdırılması baxımından əhəmiyyət daşıyır. Bununla yanaşı, ümumilikdə 640 nəfərlik beş yeni uşaq bağçasının tikilməsi məktəbəqədər təhsil infrastrukturu üçün əlavə imkanlar yaradacaq. Bu layihələr göstərir ki, iqtisadi inkişaf yalnız yolların və enerji obyektlərinin tikilməsi ilə məhdudlaşdırılmır, paralel şəkildə təhsil və sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi də prioritet götürülür.
Yaşayış və kommunal infrastrukturun yenilənməsi isə ayrılan maliyyənin insanların gündəlik həyatında ən çox hiss ediləcək istiqamətlərindən biri ola bilər. 161 yaşayış binasının fasad və tam təmirinin, həmçinin istilik qazanxanalarının əsaslı təmirinin planlaşdırılması minlərlə sakinin mənzil və kommunal şəraitinə birbaşa təsir göstərəcək. Belə layihələr şəhər mühitinin görünüşünü dəyişdirməklə yanaşı, yaşayış fondunun keyfiyyətinin qorunması və kommunal xidmətlərin daha etibarlı şəkildə göstərilməsi üçün də əhəmiyyətlidir.
Bütövlükdə, 258 milyon manatlıq maliyyə paketinə ayrı-ayrı tikinti layihələrinin cəmi kimi deyil, Naxçıvanın inkişaf modelinin yenilənməsinin tərkib hissəsi kimi baxmaq daha doğru olardı. Enerjidən yollara, ictimai nəqliyyatdan universitet və məktəbəqədər təhsil infrastrukturuna, yaşayış fondundan kommunal xidmətlərə qədər müxtəlif sahələrin eyni vaxtda əhatə olunması kompleks yanaşmadan xəbər verir. Bu investisiyaların nəzərdə tutulduğu şəkildə həyata keçirilməsi Naxçıvanda iqtisadi fəallığın və məşğulluğun artmasına, yaşayış standartlarının yüksəlməsinə və muxtar respublikanın Azərbaycanın ümumi sosial-iqtisadi inkişaf sisteminə daha sıx inteqrasiyasına əlavə imkanlar yarada bilər.
Züriyə Qarayeva
Bakı 



