Bakı Metropolitenində istismar müddəti başa çatan vaqonların mərhələli şəkildə silinməsi və vaqon parkının yenilənməsi həyata keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin istismar üzrə baş mühəndisi Namiq Yusubov məlumat verib.
Onun sözlərinə görə, 2030-cu ilədək istismar müddəti başa çatan təxminən 35-40 hərəkət tərkibinin silinməsi nəzərdə tutulur. Bu istiqamətdə işlərə artıq bu ildən başlanılıb.
Namiq Yusubov bildirib ki, vaqon parkının yenilənməsi dövlət proqramında da ayrıca bənd kimi əksini tapıb. Proqram çərçivəsində təxminən 299 vaqonun yenilənməsi planlaşdırılır.
Baş mühəndisin sözlərinə görə, hazırda Bakı Metropolitenində ümumilikdə 71 qatar tərkibi mövcuddur. 2030-cu ilədək vaqon parkının yenilənməsi xətlər üzrə fərqli şəkildə həyata keçiriləcək.
Belə ki, bənövşəyi xətt üzrə təxminən 200 yeni vaqonun alınması və onların həmin xəttdə istismara verilməsi nəzərdə tutulur.
Qırmızı və yaşıl xətlər üzrə isə əsas hədəflərdən biri qatarlararası intervalların azaldılmasıdır. “İçərişəhər” istiqamətində dönüş yolunun inşasından sonra intervalın azaldılması üçün imkanların yaranacağı gözlənilir.
Eyni zamanda “Dərnəgül” istiqamətində gələcəkdə inşa olunacaq 14-cü və 15-ci stansiyalardan sonra dönüş kamerasının yaradılması qatarların hərəkət intervalının azaldılmasına imkan verəcək.
Namiq Yusubov qeyd edib ki, bu dəyişikliklər qırmızı və yaşıl xətlər üzrə əlavə hərəkət tərkiblərinin alınmasını da zəruri edəcək.
Zeynəb Rzayeva
Bakı 



