Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundov yenə qalmaqallı açıqlaması ilə gündəmə gəlib. O, verilişlərin birində Bakıda məktəb tikdirdiyini, hətta həmin məktəbin rəsmi şəkildə rektoru olduğunu deməsi ilə diqqət çəkib.
Aparıcının "Təhsil almadan rektor" sualına isə onun cavabı daha maraqlı olub:
"Rektorun təhsilə nə dəxli var ki? Bu, sadəcə bir vəzifədir".
Maraqlıdır, Şərurlu İsfəndiyarın fikirləri nə dərəcədə əsaslıdır və Azərbaycan qanunvericiliyinə uyğundurmu?

Məzahir Məmmədli, təhsil eksperti
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan tanınmış təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Şərurlu İsfəndiyar hər halı ilə gündəmə gəlməyi xoşlayır:
“Görür ki, hamı elm və təhsil sahəsi ilə maraqlanır. Elə bu üzdən o da bu sahə ilə maraqlanmağa başlayıb. Yəqin ətrafında kimsə ona bir istiqamət verəcək və ya izah edəcək ki, yeni qanunlara görə, Azərbaycanda nəinki universitet və orta məktəblərdə, hətta bağçalarda belə ali təhsil almadan müəllim kimi çalışmaq mümkün deyil. Hələ rektor və direktor vəzifələrini demirəm”.
Müsahibimiz bildirib ki, Şərurlu İsfəndiyara sual verən media nümayəndələri Azərbaycan qanunvericiliyininin tələblərini ona izah etməli idilər. Bildirmək lazım idi ki, danışarkən olduqca ehtiyatlı ifadələr seçsin. Çünki elm və təhsilə bu cür dırnaqarası yanaşma həm qanundan, həm də etikadan kənardır.
“Adamın pulu çox ola bilər, ətrafı geniş ola bilər, əli hər yerə çata bilər, amma bu o demək deyil ki, ölkədə elm və təhsil haqqında qanunları çeynəməlisən. Elm və təhsili bu qədər aşağılamaq düzgün deyil. “Heç bir təhsilim olmadan rektor, direktor ola bilərəm” iddiasını irəli sürmək absurddur”, - deyə Məzahir Məmmədli əlavə edib.

Elmin Nuri, təhsil eksperti
Elm və təhsil məsələləri üzrə tədqiqatçı, Təhsil xidmətləri üzrə mütəxəssis Elmin Nuri də Bakıvaxtı.az-a deyib ki, məsələnin təfərrüatı ona tam aydın deyil:
“Şərurlu İsfəndiyar “çox gözəl məktəblər tikirəm, tək bir məktəbim 10 min kvadratdır” dedikdə nəyi nəzərdə tutur? O, şirkətin sahibi olaraq, müqavilə əsnasında inşa etdiyi məktəbləri deyir, yoxsa, birbaşa öz adına bağlı olan, təsisçisi olduğu məktəbləri nəzərdə tutur? Bu, mənə aydın olmadı. Bu, bir. İkincisi, deyək Şərurlu İsfəndiyar məktəbi bir bina, tikinti subyekti olaraq inşa etdirib və məktəblər onun tabeliyindədir. Belə olan halda sual yaranır. Bu məktəblərin statusu nədir? Özəldir, yoxsa necə? Bildiyim qədərilə Azərbaycanda özəl universitetlər arasında Şərurlu İsfəndiyara bağlı ali məktəb yoxdur. Bəlkə də var, amma mən eşitməmişəm. Onun adına bağlı təhsil mərkəzi və ya lisey barədə də məlumatım yoxdur. Varsa da, belə bir təhsil subyektində rektor ştatı varmı? Bu sualın da cavabı aydın deyil. Bu deyilənlər mənə yad görünür”.
Ekspert fikirlərin təqdimatında, peşəkar təhsil aspektindən müəyyən boşluğun olduğunu düşünür.
“Medal”ın digər üzünə diqqət çəkən E.Nurinin sözlərinə görə, bir çox sahələrdə olduğu kimi,bu sahədə də hər kəs özəl məktəb yaratmaq hüququna malikdir:
“Özəl məktəbin təsisçisi mütləq onun idarəçisi anlamına gəlmir. Kimsə iş adamıdır, müəyyən maddi büdcə ayırıb, məktəb tikib, onun idarəçiliyini isə rəhbər və pedaqoji heyətə həvalə edib. Onlar da məktəbin işini uğurla aparırlar. Bu baxımdan məsələ aydın olur. Görünür, terminlərin işlədilməsində uyğunsuzluq var”.
Aydın Baxış
Bakı 



