Son günlər “bloqer” sözünün düzgün yazılışı ilə bağlı elektron media subyektlərində müzakirələr aparılır. Müxtəlif təkliflər, təşəbbüslər var...
Kimi “bloqer”, kimi “bloqqer”, bəziləri “bloger”, digərləri “blogger”, məsələyə milli duyğu ilə yanaşanlar isə “bloqçu” versiyalarını irəli sürürlər. Heç kim də “ayranına turş demir”. Ancaq işin elmi tərəfi, izah var. “Burda mənəm, Bağdadda kor xəlifə” deməklə iş aşmır. Öncə sözün etimologiyasına nəzər yetirilməlidir. Bu söz hansı məkanda, hansı şəraitdə və hansı niyyətlə yaranıb?
İzah edirəm:
“Bloqer” (blogger) sözü ilk dəfə ingilis dilində yaranıb. Bu sözün yaranma tarixi belədir:
“Weblog” sözü 1997-ci ildə internet gündəliyini ifadə etmək üçün yaradıldı.
Daha sonra “blog” formasında qısaldıldı. “Blogger” isə ingilis dilindəki -er şəkilçisi ilə düzəlib və “bloq” yazan şəxs, yəni “bloq müəllifi” mənasını ifadə edir.
Beləliklə:
web + log → weblog
weblog → blog
blog + -er → blogger
Yəni "blogger" - [blaqır] sözü ingilis dilində yaranıb və sonradan dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə keçib. Azərbaycan dilində qarşılığı “bloqer”dir., Fransız dilində isə qarşılığı kimi həm “blogueur”-[bloqör] (kişi), həm də “blogueuse” - [bloqöz] (qadın) işlədilir.
Nə üçün BLOQER yazılmalıdır?
İngilis və fransız dillərində "G" hərfi e,i,y hərflərinin qarşısında [j] kimi, qalan hallarda [Q] kimi tələffüz olunur.
İngiliscə misal: large [lɑːdʒ]- (geniş), magic [mædʒ.ɪk], (sirli), gym [dʒɪm]. Qalan bütün hallarda isə [Q] kimi tələffüz olunur.
Fransız dilində misal: une image [imaʒ], gigantesque [ʒi.ɡɑ̃.tɛsk], gymnastique [ʒim.nas.tik]. Qalan bütün hallarda "G" hərfi [Q] kimi tələffüz olunur. İngilislər və fransızlar “blogger” sözündə "g"hərfinin yanına əlavə bir "g" da artırıblar ki, o sözü [blojer] deyil, məhz "bloqer" kimi tələffüz etsinlər. Yəni "g" nin qoşalaşdırılması samitin uzanması deyil, məhz "g"nin [q] kimi tələffüzünə yönəlib. Bu söz də Avropa dil ailəsinə mənsub olduğu üçün biz də onu elə "bloqer" kimi tələffüz etsək, dilimizdə daha tez pərvəriş tapar. Ona görə ki, mənbə dilində bu söz [bloqer] kimi tələffüz olunur.
Eyni zamanda “bloqçu daha uyğun olmazmı? Futbol da alınma sözdür, futbolçu deyirik” kimi yanaşmalar da səsləndirilir. Bəli, bu düşüncə ilə razılaşmaq olar, çünki milli duyğunun məhsuludur və Azərbaycan dilinin təəssübünün çəkilməsinə yönəlmiş fikirdir, amma əmma da var. Razıyam, “blogger” sözünə “milli don” geyindirib, milli çalar qatıb "blokçu" kimi ifadə edə bilərik, amma onda gərək “jurnalist”i də milliləşdirib, “jurnalçı” edək. Yəni elə sözlər var, dilə yatmır, oturmur, nitqdə “pasport” almır, onu mənbə dilində olduğu kimi, qəbul etsək, daha məqsədəuğun olar və bundan qorxmamaq lazımdır. Fransızlar ingilislərin "like" sözündən “Liker” - bəyənmək mənasını ifadə edən fel düzəldib, leksik fondlarına daxil edib, işlədirlər. Halbuki fransız dilində bəyənmək mənasını ifadə edən 5-6 fel mövcuddur. Məncə, sözə qrammatik deyil, daha çox leksik konteksdən yanaşmaqda fayda var.
Söz polad kimidir, əyilmir, əymək istədikdə sınır. Ona görə, qəbul edilən sözü əyməyə çalışdıqda o dilə daxil olduğu kimi, dili tərk edir. Bu mənada sözləri öz mənbə dilində olduğu kimi, eləcə də toplumun dilinə yatan tərzdə qəbul etmək daha praqmatikdir.
Bakı 











