Azərbaycanda kart köçürmələrinə tətbiq edilən yeni limitlə bağlı müzakirələr davam edir.
Bakıvaxtı.az xəbər verir ki, treyder Orxan Fərəcov sosial şəbəkə hesabında paylaşım edərək yeni qaydaların onu xarici kripto kartından istifadəyə yönəltdiyini bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bankın qərarından sonra kripto birjası üzərindən virtual MasterCard debet kartı sifariş edib və onu Google Pay-ə əlavə edərək gündəlik ödənişlərini həyata keçirməyə başlayıb.
Fərəcov qeyd edib ki, apardığı hesablamalara əsasən, kripto hesabındakı vəsaiti P2P vasitəsilə Azərbaycan bank kartına köçürərək ödəniş etməkdənsə, ödənişi birbaşa xarici kartla etmək daha sərfəlidir.
O bildirib ki, istifadə etdiyi kartın təqdim etdiyi 2 faiz "cashback" də bu seçimi daha əlverişli edir.
Treyder paylaşımında yeni qərarın uzunmüddətli təsirlərinə də toxunaraq bildirib ki, bu məhdudiyyətlər nəticəsində vətəndaşlar kütləvi şəkildə kripto kartlarına keçərsə, vəsaitlərin ölkə xaricində saxlanılması Azərbaycan manatına gələcəkdə təzyiq yarada bilər.
O, paylaşımını "Mərkəzi Bank, bu qərarı bir daha düşünün" çağırışı ilə yekunlaşdırıb.
Murad İsmayıl
Bakı 



