ABŞ-nin Şimali Karolina ştatında bir evdə silahlı insident baş verib. Hadisə zamanı eyni ailədən, aralarında hücum edən şəxsin də olduğu 3 nəfər həyatını itirib, 1 nəfər isə ağır yaralanıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Kəsvell (Caswell) dairəsinin Prospekt Hill qəsəbəsində qeydə alınıb.
Bölgə Şerifi Toni Dordenin (Tony Durden) verdiyi məlumata görə, insidentdə iştirak edənlərin hamısı yetkin yaşda olan eyni ailənin üzvləridir. Ölənlərdən birinin atəş açan şəxs olduğu bildirilib. Hadisə nəticəsində yaralanan bir nəfər isə dərhal Dyuk Universiteti Xəstəxanasına (Duke University Hospital) çatdırılıb.
Hücumun ev daxilində baş verdiyini qeyd edən şerif ictimaiyyət üçün hər hansı təhlükənin olmadığını vurğulayıb. Məlumata görə, ailənin daha əvvəl hüquq-mühafizə orqanlarında hər hansı şikayəti və ya qeydiyyatı olmayıb.
Faktla bağlı Şimali Karolina Ştat Təhqiqat Bürosu tərəfindən genişmiqyaslı araşdırma aparılır.
Zeynəb Rzayeva
Bakı 



