• Bakı 28° C

    7.89 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

ABŞ-nin raket ehtiyatları azalır: Vaşinqton eyni anda üç cəbhəyə tab gətirə biləcəkmi?

DÜNYA

06 Avqust 2026 | 11:01

ABŞ-nin raket ehtiyatları azalır: Vaşinqton eyni anda üç cəbhəyə tab gətirə biləcəkmi?

ABŞ-nin İranla son hərbi qarşıdurması təkcə Yaxın Şərqdə deyil, qlobal təhlükəsizlik sistemində də ciddi müzakirələrə səbəb olub.

CNN-in yaydığı məlumata görə, bu əməliyyatlar zamanı ABŞ ən müasir hava hücumundan müdafiə sistemlərindən olan THAAD üçün nəzərdə tutulan raket ehtiyatlarının təxminən 80 faizini, “Patriot” zenit-raket komplekslərinin raketlərinin isə yarısını istifadə edib. Məlumatda Pentaqonun döyüş sursatı ehtiyatlarının kritik həddə yaxınlaşdığı barədə daxili xəbərdarlıqların olduğu da qeyd edilir. Bu vəziyyət ABŞ-nin eyni vaxtda bir neçə regional böhrana müdaxilə imkanları, müdafiə sənayesinin istehsal gücü və müttəfiqlərin təhlükəsizlik təminatları ilə bağlı yeni suallar doğurur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, bu, sıradan bir sursat istehlakı deyil, ABŞ-nin strateji müdafiə imkanlarına təsir edə biləcək bir göstəricidir. THAAD və Patriot sistemləri ABŞ-nin ən vacib hava və raketdən müdafiə platformaları sırasında yer alır. Onların ehtiyatlarının qısa müddətdə bu həcmdə istifadə olunması yüksək intensivlikli müharibələrin nə qədər böyük resurs tələb etdiyini göstərdi.

Dediyinə görə, bu hadisə Pentaqonun uzunmüddətli planlaşdırmasına yenidən baxmasına səbəb ola bilər. ABŞ hələ də dünyanın ən güclü ordusuna malikdir, lakin müasir müharibələrdə logistika və istehsal gücü hərbi texnika qədər önəm daşıyır. Məhz buna görə də Vaşinqton artıq müdafiə sənayesinin istehsal tempini artırmaq istiqamətində addımlar atmağa başlayıb.

Müsahibimiz qeyd edib ki, ABŞ-nin təhlükəsizlik strategiyası eyni vaxtda bir neçə regionda fəaliyyət göstərə bilmək prinsipi üzərində qurulub. Onun sözlərinə görə, əgər raket ehtiyatlarında ciddi azalma yaranırsa, resursların bölgüsü daha həssas məsələyə çevrilir:

“Bu, xüsusilə Çin ətrafında mümkün böhran, Koreya yarımadasında gərginlik və Avropada NATO-nun təhlükəsizlik öhdəlikləri baxımından diqqətlə izlənilir. Vaşinqton belə şəraitdə prioritetlərini daha dəqiq müəyyənləşdirməyə məcbur qala bilər. Bununla yanaşı, ABŞ müttəfiqlərinin müdafiə imkanlarının gücləndirilməsinə daha çox önəm verəcək. Çünki kollektiv təhlükəsizlik mexanizmləri bu cür yükün paylaşılmasını zəruri edir”.

ABŞ-nin bu raket ehtiyatlarını qısa müddətdə bərpa etmək imkanına gəlincə, politoloq bildirib ki, Birləşmiş Ştatların güclü müdafiə sənayesi bu baxımdan onun əsas üstünlüyüdür. Ancaq THAAD və Patriot raketləri adi sursat deyil və onların istehsalı mürəkkəb texnoloji proses tələb edir. Bu səbəbdən ehtiyatların tam bərpası bir neçə ay deyil, daha uzun müddət çəkə bilər.

Züriyə Qarayeva: Raket ehtiyatlarında ciddi azalma yaranırsa, resursların bölgüsü daha həssas məsələyə çevrilir

Z.Qarayeva bildirib ki, son illərdə ABŞ müdafiə sənayesində istehsal həcmlərinin artırılması istiqamətində investisiyalarını genişləndirib. Bununla belə, istehsal zəncirindəki texnoloji və sənaye məhdudiyyətləri qısa müddətdə tam kompensasiya imkanlarını məhdudlaşdırır. Ona görə də yaxın perspektivdə mövcud ehtiyatlardan daha səmərəli istifadə və yeni istehsal proqramlarının sürətləndirilməsi əsas prioritet olacaq.

“Mövcud vəziyyət Yaxın Şərqdə və qlobal təhlükəsizlik balansında hansı dəyişikliklərə səbəb ola bilər” sualına cavabında həmsöhbətimiz deyib ki, bu hadisəmüasir müharibələrdə yalnız hərbi üstünlüyün deyil, davamlı sursat təminatının da strateji amil olduğunu göstərdi. Dediyinə görə, ABŞ-nin ehtiyatlarından geniş istifadə etməsi rəqib dövlətlər tərəfindən də diqqətlə təhlil olunur. Bu isə Çin, Rusiya, İran və digər aktorların gələcək hərbi planlamalarında nəzərə alınacaq mühüm faktor ola bilər.

“Digər tərəfdən, Vaşinqtonun bölgədə gərginliyin idarə olunmasına və diplomatik kanalların açıq saxlanmasına marağı daha da artacaq. Çünki uzunmüddətli eskalasiya həm maliyyə, həm də hərbi resurslar baxımından ciddi yük yaradır. Nəticədə qarşıdakı dövrdə qlobal təhlükəsizlik siyasətində hərbi güclə yanaşı, müdafiə sənayesinin dayanıqlılığı və logistika imkanları da əsas strateji göstəricilərdən biri kimi qiymətləndiriləcək”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Avqust 2026