q
  • Bakı 12° C

    5.42 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Yaponiya silahlanır: Çin və Şimali Koreya üçün yeni siqnallar

SİYASƏT

17 Aprel 2026 | 18:02

Yaponiya silahlanır: Çin və Şimali Koreya üçün yeni siqnallar

Yaponiyanın müdafiə xərclərini rekord səviyyəyə çatdırması Asiya-Sakit okean regionunda təhlükəsizlik mühitində mühüm dəyişikliklərin siqnalı kimi qiymətləndirilir.

Bu, regiondakı təhlükəsizlik balansını necə dəyişə bilər? Bu artım Çin, Şimali Koreya və ABŞ ilə münasibətlərə hansı təsirləri göstərəcək?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Yaponiya İkinci Dünya Müharibəsindən sonra daha çox elmi inkişaf, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi və sənayenin gücləndirilməsi kimi istiqamətlərə xüsusi diqqət yetirib. Hərbi sahə isə uzun müddət ölkə üçün prioritet sayılmayın:

"Lakin son dövrlərdə qlobal məkanda baş verən hadisələr və Yaponiyanın qarşılaşdığı real təhlükəsizlik çağırışları rəsmi Tokionu hərbi xərcləri artırmağa vadar edib. İlk növbədə Şimali Koreya faktiki olaraq Yaponiya ilə düşmən mövqedədir və onun strateji raket proqramı Yaponiya üçün ciddi təhlükə hesab olunur. Bu səbəbdən Yaponiya özünü müdafiə etmək məcburiyyətindədir".

Müsahibimiz qeyd edir ki, digər tərəfdən, Şimali Koreyanın əsas müttəfiqlərindən olan Çin də Yaponiya üçün mühüm təhlükə mənbələrindən biri kimi qiymətləndirilir. Çin potensial olaraq hərbi müdaxilə imkanlarına malikdir və bu da regionda riskləri artırır:

"Bununla yanaşı, ABŞ ilə Çin arasında artan gərginlik, eləcə də Yaxın Şərqdə baş verən hadisələrin tədricən Asiyaya yayılması Yaponiyanı narahat edən əlavə amillərdir. Bu səbəbdən, uzun müddət iqtisadi inkişafı əsas prioritet kimi müəyyənləşdirən Yaponiya artıq hərbi potensialını da gücləndirməyə çalışır. Bu addımların əsas məqsədi isə ölkənin özünümüdafiə qabiliyyətini artırmaqdır".

E.Xalidbəyli bildirib ki, Yaponiyanın rekord səviyyədə hərbi xərclərə yönəlməsi regiondakı qüvvələr nisbətinə müəyyən təsir göstərə bilər. Lakin bu təsirin real şəkildə hiss olunması üçün zaman tələb olunur. Əgər Yaponiya ABŞ-nin dəstəyi olmadan da özünü müdafiə edə biləcək səviyyəyə çata bilsə, bu halda regionda hərbi balansın ciddi şəkildə dəyişməsi mümkündür.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR