q
  • Bakı 13° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Konstitusiya dəyişikliyi: Paşinyanın “cərrahi müdaxilə"si nəyə hesablanıb?

SİYASƏT

17 Aprel 2026 | 13:39

Konstitusiya dəyişikliyi: Paşinyanın “cərrahi müdaxiləsi nəyə hesablanıb?

Ermənistanda son günlər Konstitusiya ətrafında başlayan müzakirələr ölkədə yeni siyasi mərhələnin anonsu kimi qiymətləndirilir.

Baş nazir Nikol Paşinyan açıq şəkildə bildirib ki, ölkənin yeni Konstitusiyaya ehtiyacı var və bu proses “cərrahi müdaxilə” xarakteri daşımalıdır. Bu açıqlama göstərir ki, söhbət sadəcə hüquqi korrektələrdən getmir. Gündəmdə olan məsələ mövcud idarəetmə modelinin dəyişdirilməsi və Ermənistanın siyasi sisteminin yenidən dizayn edilməsidir.

Müzakirələrin mərkəzində duran əsas məsələlərdən biri Konstitusiyada Ermənistanın Müstəqillik Bəyannaməsi ilə bağlı istinadın taleyidir. Həmin sənəddə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer alması uzun illərdir regionda sülh prosesinə hüquqi və siyasi maneə kimi qiymətləndirilir. Bu istinadın çıxarılması ehtimalı Ermənistanın daha realist və praqmatik siyasətə keçidi kimi təqdim oluna bilər. Eyni zamanda bu addım regionda yeni bir diplomatik dinamikanın formalaşmasına zəmin yarada bilər.

Digər tərəfdən, yeni Konstitusiya təşəbbüsü ölkədaxili hakimiyyət balansı məsələsini də gündəmə gətirir. Əgər dəyişikliklər nəticəsində parlamentin rolu zəiflədilərək icra hakimiyyətinin səlahiyyətləri genişləndirilərsə, bu, faktiki olaraq gücləndirilmiş lider modelinə keçid demək olacaq. Bu model formal olaraq parlament sistemi çərçivəsində qalsa belə, real qərarvermə mexanizmi bir mərkəzdə cəmlənə bilər. Bu isə artıq klassik parlamentarizm deyil, daha çox idarə olunan siyasi sistemə bənzəyən bir struktur deməkdir.

Bütün bu proseslər fonunda əsas sual açıq qalır. Ermənistan doğrudanmı siyasi sabitlik və effektiv idarəetmə axtarışındadır, yoxsa bu dəyişikliklər hakimiyyətin möhkəmləndirilməsi üçün atılan addımlardır. Hər iki ehtimal realdır və hadisələrin inkişafı bu sualın cavabını müəyyən edəcək. Aydındır ki, Konstitusiya ətrafında gedən proseslər təkcə hüquqi mətnin dəyişdirilməsi deyil, ölkənin gələcək siyasi kursunun müəyyənləşdirilməsi deməkdir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR