“Uşağı vaksinasiya etdirmək üçün heç vaxt gec deyil. Buraxılmış müddətdən asılı olmayaraq immun müdafiəni bərpa etmək mümkündür”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin həkim epidemioloqu Əlcəfər Cəfərov deyib.
Onun sözlərinə görə, peyvənd qrafikində yaranan boşluğu doldurmaq üçün ilk növbədə sahə pediatrı ilə məsləhətləşərək uşağın yaşına uyğun fərdi bərpa planı tərtib edilməlidir:
“Bu prosesdə əvvəlki dozaları yenidən başlamağa ehtiyac qalmır, sadəcə qalan peyvəndlər müəyyən intervallarla ardıcıl şəkildə tamamlanır. Bəzi hallarda uşağın qısa müddətdə lazımi müdafiə səviyyəsinə çatması üçün dozalararası müddət həkim nəzarəti ilə optimallaşdırıla bilər. Hər bir peyvənddən öncə övladınız həkim tərəfindən fərdi qaydada müayinə olunur və yalnız onun tam sağlamlığına əmin olduqdan sonra peyvənd qərarı verilir”.

Epidemioloq qeyd edib ki, əsassız qorxulara deyil, mütəxəssis rəyinə güvənərək övladınızı vaxtında qorumağa tələsin:
“Unutmayın ki, vaksinasiya kursunu tamamlamaq uşağı yoluxucu xəstəliklərə yoluxmaqdan, onların ağır fəsadlarından, əlillikdən və ölümdən qorumağın ən etibarlı yoludur. Peyvəndlənməmiş hər bir uşaq daim risk altındadır. Övladlarımızın gələcəyini sağlam görmək istəyiriksə, onları vaxtında peyvənd etdirək”.
Bakı 




