Xəstəxanada müalicə alan şəxslər üçün ən böyük təhlükələrdən biri daxili infeksiyalara yoluxmaqdır. Avstraliyalı mütəxəssislər müəyyən ediblər ki, gündəlik diş fırçalamaq kimi sadə bir vərdiş xəstəxanada sətəlcəmə yoluxma riskini kəskin şəkildə azaldır.
Bakıvaxtı.az xəbər verir ki, Eyvondeyl Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində diş təmizliyinin daxili pnevmoniya riskini 60 faiz aşağı saldığını üzə çıxarıblar. Tədqiqatın nəticələri Avropa Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Cəmiyyətinin (ESCMID Global) konqresində təqdim olunub. Avstraliyanın üç böyük xəstəxanasında 8870 xəstənin iştirakı ilə keçirilən sınaqlar zamanı müəyyən edilib ki, ağız boşluğuna müntəzəm qulluq edildikdə xəstəxanada yoluxma halları hər 100 günə düşən bir hadisədən 0,41 hadisəyə qədər geriləyir.
Tədqiqatın rəhbəri Brett Mitçell bu nəticənin ağız boşluğundakı mikrobiomla bağlı olduğunu bildirib. Onun sözlərinə görə, ağızdakı zərərli bakteriyalar tüpürcək damcıları vasitəsilə tənəffüs yollarına daxil ola bilir ki, bu da zəifləmiş orqanizmdə ciddi infeksiyalara yoluxma ehtimalını artırır. Mütəxəssislər qeyd edirlər ki, xəstəxanalarda diş gigiyenasına çox vaxt əhəmiyyət verilmir və bu, standart prosedur hesab olunmur. Halbuki, bu sadə addım müalicənin gedişatına ciddi müsbət təsir göstərir.
Xəstəxana daxili pnevmoniya ən təhlükəli infeksiyalardan biri sayılır və adətən xəstəxanaya yerləşdikdən 48 saat sonra inkişaf edir. Bu xəstəlik həm müalicə xərclərini, həm də ölüm riskini artırır. Alimlər tibb heyətinin xəstələrə diş fırçalamağı xatırlatmasının həyati əhəmiyyət kəsb etdiyini vurğulayırlar.
Yəni, xəstəxanada yatarkən dişləri müntəzəm fırçalamaq ağızdakı bakteriyaların ağciyərə keçməsinin qarşısını alır və insanı sətəlcəm olmaqdan qoruyur.
Bakı 




