“Etibar Əliyevin qeyd etdiyi şairlər, Əlisəmid Kür və digərləri Nəriman müəllimi həmişə özərinə örnək görüblər, poeziya aləmində bir müəllim hesab ediblər”.
Bu sözləri Bakıvaxtı.az-a mərhum Xalq şairi Nəriman Həsənzadənin oğlu, Filologiya elmləri namizədi Nazim Həsənzadə keçmiş deputat, təhsil eksperti Etibar Əliyevin “Şəxsən mən Abbas Səhhətin "Vətən" şerini və Səməd Vurğunun "Oxu gözəl" şeirini, Əli Kərimin “İki sevgi” şeirini Nəriman Həsənzadənin bütün poeziyasına dəyişmərəm” iddiasına münasibət bildirərkən deyib.
N.Həsənzadə E.Əliyevin fikirlərini tirajlayan saytlara da müraciət edib:
“Kimsə ortaya düşüb, fikrəbənzər bir şey yazırsa, onu təktərəfli yaymaq düzgün deyil. Bu adam kimdir axı ? O, Nəriman Həsənzadənin bir misrasını belə yaza bilməz. Nəriman müəllimin zəngin irsini oxusa şahidi olacaq ki, bu kişi dramaturq idi. Nə qədər pyesləri var. O, tək şair deyildi, həm də kulturoloq idi. Onun bu sahəyə dair kitabları var. Nəriman Həsənzadə hərtərəfli insan olub. Atabəylərdən, Pompeydən yazıb. “İmzalar içində” yazıb. Gedib, o cildlərə baxsın ki, Nəriman Həsənzadənin nə qədər poeması var. Nəriman müəllim haqqında yazmaq üçün onun yaradıcılığını tədqiq etmək lazımdır. Nə qədər geniş sahəsi var. O, dərin külliyyat, zəngin irs qoyub getdi”.
Nazim Həsənzadə qeyd edib ki, atasının qələmə aladığı “Atabəylər” haqqında akademik Ziya Bünyadov rəy verib:
“O vaxt rəylər asanlıqla verilmirdi. Əsərin dəyəri olmalı idi. İndi küçədən keçən kimsə durub nəsə yazacaq, onu təktərəfli tirajlamağın mənası nədir? Nə olar keçmiş deputat olanda? Deputatlıqdan öncə, azərbaycanlı olmaq lazımdır”.
N.Həsənzadə E.Əliyevi debata çağırıb:
“Gəlsin oturub söhbət edək, müzakirə aparaq, ona başa salım ki, sənin dediklərin doğru deyil”.
Müsahibimizin fikrincə, E.Əliyev bu cür mövzularla gündəmdə qalmağa çalışır:
“Elə insanlar var ki, tanınmışları hədəf alaraq gündəmdə qalmağa səy göstərirlər. O adam şou göstərir. Bir müğənni» başqa birisinə söz atıb, gündəmə gələn kimi, bu da cığallıq edib, gündəmdə qalmaq niyyəti güdür. Ona fikir vermək lazım deyil. O kimdir axı ?! Sanballı alim, şair olub, bu fikirləri irəli sürsə, ona cavab hazırlamaq olar. Bunun ortada nəyi var axı? Ortaya qoysun görək, bu, hansı elmi kəşflər edib? Fikir söyləyən adamın özünün ortada sanballı elmi, bədii məhsulu olmalıdır. Bu adamın nəyi var? Ortaya qoymalıdır ki, mən bu əsərləri yaratmışam. Oturub Nəriman müəllimin bir misrasını yaza bilməz. Nəriman müəllim bir şeir yazanda bəzən bir sözün üzərində 10 gün düşünürdü. Şeir elə-belə yaranmır. Nəriman Həsənzadə çox məsuliyyətli adam idi. Bir əsər yazanda nə qədər kitablar oxuyurdu, ensiklopedik insan idi. Ensiklopedik adamın yaradıcılığı haqqında söz demək üçün özün sanballı olmalısan. Bu adam isə sadəcə şou yaradır. Onu Azərbaycandan qovmaq lazımdır”.
Həmsöhbətimiz onu da əlavə edib ki, Nəriman Həsənzadənin üç, yeddi və qırx mərasimləri çıxmadan belə bir status yazmaq azərbaycanlıya yaraşmır:
“Mənə elə ki, bu adam azərbaycanlı deyil, çünki azərbaycanlı belə bir şey yazmaz. Biz azərbayanlıyıq, ənənələrimiz var. Tutaq ki, Nəriman müəllim heç şair deyil, 95 yaşlı ahıl bir kişdir. Belə bir adam haqqında bu cür yazmaq ziyalı o yana qalsın, heç bir Azərbaycan vətəndaşına yaraşmır. Nə olub, niyə belə edir ki? Bu, bizə xas əlamət deyil. Heç bir azərbaycanlı belə etməz. Gözlə üçü, yeddisi çıxsın, yazarsan, hara tələsirsən axı ? Nə olub, qaçhaqaçdı ?!”
Təhsil eksperti, sabiq deputat Etibar Əliyev isə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Nəriman Həsənzadə barəsində yazdıqlarında hansısa kəskin tənqid, yaxud bəzilərinin iddia etdiyi kimi təhqir işlətməyib.
Dediyinə görə, o, sadəcə olaraq az yaşamış və böyük iz qoymuş şairlərin adını çəkib:
“Burada elə bir məsələ yoxdur. Sadəcə olaraq öz fikrimi demişəm. Məsələn, mən Səməd Vurğunu, Əli Kərimi, Abbas Səhhəti daha üstün şair hesab edirəm. Bu, mənim şəxsi fikrimdir. Mərhum Nəriman müəllimlə münasibətim çox yaxın olub. Aviasiya Akademiyasında bir yerdə işləmişik. Deyirlər, N.Həsənzadə təzə rəhmətə gedib, niyə nəsə deyirsiz. Səməd Vurğunun ruhunu bu qədər niyə tənqid edirlər? Halbuki, mən heç bir təhqirə yol verməmişəm. Yazıçı Elçin haqqında nələr yazmadılar.. Səməd Vurğuna “satqın”, “dönük” deyirlər. Bəs Səməd Vurğunun da ruhu var axı. Mən heç kimi təhqir etmədən, öz fikrimi demişəm, yaş məsələsini ortalığa qoymuşam. Əgər bunu təhqir kimi başa düşürlərsə, mən Nəriman Həsənzadənin ruhundan üzr istəyirəm. Mən böyük kitabxanaya malik olan bir adamam. Bəzən görürsüz, bir şair 30-40 il yaşayır, amma biz indi də onun şeirlərini deyirik. Məsələn, Abbas Səhətin, Əli Kərimin, Nüsrət Kəsəmənlinin bir-iki şeirini deyərək onları yad edirik”.
Müsahibimizin sözlərinə görə, böyük Höte deyib ki, şairi anlamaq üçün onun sferasına daxil olmaq lazımdır:
“Mən o sferaya daxil ola bilmirəm. İstəyirsiz məni asın, kəsin, söyün, amma bu, belədir. Mən Ramiz Rövşənin sferasına da daxil ola bilmirəm. Oxuduğum şairlərin obrazına bənzəmir. Mənim fikrim budur, onların da fikri budur. Bir daha təkrar edirəm, əgər bunu Nəriman müəllimin ruhuna hörmətsizlik olaraq qəbul edirlərsə, üzr istəyirəm. Ancaq vətəndaş olaraq fikrim, yanaşmam budur. Hər kəsin sevdiyi şairlər var. Məsələn, mən Məhəmməd Hadini çox yüksəkdə görürəm və onun sferasına daxil ola bilirəm. Nə baş verib ki, tökülüşüblər üstümə?!”
Nazim Həsənzadənini debat çağırışına gəlincə, Etibar Əliyev buna ehtiyac duymadığını deyib:
"Hər kəsin şeir duyumu var. Mən bəyəndiyimi o bəyənməz, onun bəyəndiyini mən bəyənmərəm. Hər kəsin fərqli düşüncəsi var. Bu mənada mən fikrimi bildirmişəm. Təkrar edirəm, debata ehtiyac duymuram".
Aydın Baxış
Bakı 



