Moldova parlamenti Baş nazir Vasile Tofanın rəhbərlik etdiyi hökumətin proqramını və tərkibini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə respublika parlamentinin sədri İqor Qrosu iclasda bildirib.
"53 deputat proqramın təsdiqlənməsi və hökumətə etimad göstərilməsi haqqında qərar layihəsini bəyənib", - o qeyd edib.
Tofan bu vəzifədə postunu vaxtından əvvəl tərk edən Aleksandr Muntyanunu əvəz edəcək.
Öz proqramında yeni baş nazir Moldovanın 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) daxil olması üçün hazırlıqları qətiyyətlə sürətləndirəcəyini vəd edib. O, dövlətin səmərəliliyini artırmağı və Moldova iqtisadiyyatını Avropada sahibkarlar üçün ən əlverişli etməyi zəruri hesab edir. İqtisadi artım üçün Tofan kabineti vergi sistemini sadələşdirməyi, inzibati xərcləri azaltmağı və ixracı artırmağı planlaşdırır. Proqramda həmçinin dövlət orqanları tərəfindən biznesə nəzarətin məhdudlaşdırılması, sahibkarlar üçün mövcud inzibati maneələrin inventarizasiyası da yer alır.
Yeni baş nazir Muntyanu hökumətindəki nazirlərin böyük bir qismini öz vəzifələrində saxlayıb. Onun kabinetindəki yeni şəxslər arasında Maliyyə Nazirliyinin rəhbəri Viktoriya Belous, Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Radu Mustyatsə, Səhiyyə Nazirliyinin rəhbəri Aleksandr Qasnaş və Mədəniyyət Nazirliyinin rəhbəri Dan Suruçanu var.
Xatırladaq ki, Vasile Tofanın baş nazir vəzifəsinə namizədliyi ötən həftənin sonunda Moldova Prezidenti Maya Sandu tərəfindən irəli sürülüb.
Bakı 



