Bakının mərkəzində yerləşən “Qış Parkı” yeraltı parklanma ərazisi tam avtomatlaşdırılmış parklanma sistemi ilə istifadəyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, “Parkzone” tərəfindən ərazidə müasir parklanma sisteminə keçidlə bağlı aparılan təmir və quraşdırma işləri uğurla başa çatdırılıb.
Yeni sistem çərçivəsində nömrə tanıma texnologiyası, avtomatlaşdırılmış sürətli keçid və onlayn ödəniş imkanları tətbiq edilib. Bunun sayəsində sürücülər terminal qarşısında gözləmədən, avtomatik açılan şlaqbaumlar vasitəsilə parklanma ərazisinə təmassız şəkildə daxil olub çıxa biləcəklər.
Bildirilib ki, parklanma ödənişləri "AzParking" mobil tətbiqi üzərindən həyata keçiriləcək. Bunun üçün istifadəçilər tətbiqin "Digər parkinqlər" bölməsinə daxil olaraq avtomobillərini saxladıqları ərazini seçməklə ödənişi qısa müddətdə həyata keçirə bilərlər.
Qeyd olunub ki, “Qış Parkı” yeraltı parklanma məntəqəsi çoxsaylı avtomobil tutumuna malik olmaqla ölkənin ən böyük yeraltı parklanma obyektidir.
“Parkzone” təmir və quraşdırma işləri müddətində göstərdikləri səbir və anlayışa görə vətəndaşlara təşəkkür edib.
Bakı 



