İyulun 21-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformatika və tədqiqatlar departamentinin direktor müavini Kanq Şuayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bakıvaxtı.az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafı və əldə olunmuş nailiyyətlər məmnunluqla qeyd edilib, parlamentlərarası və partiyalararası əməkdaşlığın daha da möhkəmləndirilməsi, iqtisadi, ticarət, təhsil, mədəniyyət, humanitar, o cümlədən gənclər sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Spiker Sahibə Qafarova vurğulayıb ki, Azərbaycanla Çin arasında son illərdə bütün istiqamətlər üzrə dinamik inkişaf edən əməkdaşlığın əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındakı dostluq münasibətləri dayanır:
"Azərbaycan hər zaman birmənalı olaraq "Vahid Çin" siyasətini və Çinin ərazi bütövlüyünü dəstəkləyib. Biz də Çinin ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini yüksək qiymətləndiririk".
Milli Məclisin sədri Prezident İlham Əliyevin 2025-ci ildə Çin Xalq Respublikasına həyata keçirdiyi səfərlərinin, xüsusən dövlət səfəri zamanı Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanmasının ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olduğunu qeyd edib:
"Parlamentlərarası əlaqələr Azərbaycan-Çin münasibətlərinin mühüm tərkib hissəsidir. Parlamentlərarası dialoqun, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla davam edir. Azərbaycanla Çin arasında qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli siyasi dialoqla yanaşı, partiyalararası əməkdaşlıq da uğurla inkişaf edir.
Yeni Azərbaycan Partiyası (YAP) ilə ÇKP arasında formalaşan səmərəli əlaqələr və imzalanan Anlaşma Memorandumunun bu əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verib".
ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformatika və tədqiqatlar departamentinin direktor müavini Kanq Şuay Çin ilə Azərbaycan arasında münasibətlərin son illərdə uğurla inkişaf etdiyini, iki ölkə rəhbərləri arasında formalaşmış yüksək səviyyəli münasibətlərin bu əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib. Kanq Şuay Milli Məclisin sədri Sahibə Qafarovanın Çin Xalq Respublikasına səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, onun Azərbaycanla Çin arasında, o cümlədən partiyalararası dialoqun inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirib.
Görüşdə YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dövlətlərarası münasibətlər sistemində siyasi dialoqun, parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən danışaraq, YAP-la ÇKP arasında əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini açıqlayıb.
Çinin Azərbaycandakı səfiri Lu Mey Azərbaycanla Çin arasındakı münasibətlərin müxtəlif aspektləri barədə fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Bakı 



