Məşhur aparıcı Nigar Fərhadın rəhbərlik etdiyi xaricdə təhsil şirkəti ilə bağlı şikayətlər artır.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “AİD Group”un bir neçə gün əvvəl fəaliyyətini dayandırması şikayətçiləri daha da narahat edir.
Əsasən xaricdə təhsil üçün pul verən tələbə və valideynləri hazırda şirkətdən heç bir cavab ala bilmirlər. Onların sözlərinə görə, Nigar Fərhadla rəsmi müqavilə bağlayıb ödəniş etsələr də, indi nə onu tapa bilirlər, nə də şirkətdən kimsə bir söz deyir.
Daima sosial şəbəkələrdə aktiv olan aparıcı belə desək 15 gündür yoxa çıxıb. O, nə paylaşım edir, nə də baş verənlərlə bağlı açıqlama verir. Hətta bu gün onun ölkədən getdiyi ilə bağlı da iddialar səsləndirilib.
Fotoda Nigar Fərhad və anası

Qısa araşdırma nəticəsində öyrəndik ki, “AİD Group”un təsisçisi Nigar olsa da, direktoru və əsas məsul şəxs anası Arzu Əliyevadır. Bundan əlavə, Nigarın həyat yoldaşı da şirkətdə rəhbər heyətə daxildir. Şirkətin fəaliyyətini dayandırmasına səbəb isə haqqında hüquq-mühafizə orqanlarında araşdırma başlamasıdır. Məlumata görə daxil olmuş şikayətlər əsasında Nigar Fərhad və anası da dindirilib.
Məhz bundan sonra “AİD Group”un ofisləri bağlanıb, şirkətin müvəqqəti fəaliyyət göstərmədiyi açıqlanıb. Hazırda onlarla bağlı istintaq davam edir.
“AİD Group”dan isə baş verənlərlə bağlı heç kim açıqlama vermir, Nigar və anasının da telefonlarına zəng çatmır. Şirkətin fəaliyyətində konkret olaraq hansı qanun pozuntularına yol verildiyi və vətəndaşlara dəyən ziyanın miqdarı ilə bağlı da hələlik məlumat verilməyib.
Sail Ağasəlim
Bakı 



