Türkiyədə ürək-damar cərrahiyyəsi sahəsində hazırlanmış ən geniş akademik nəşrlərdən biri hesab olunan üç cildlik “Kalp ve Damar Cerrahisi” kitabı işıq üzü görüb. Fundamental elmi əsərin müəllifləri arasında azərbaycanlı ürək-damar cərrahı, professor Kamran Musayev də yer alıb.
Bakıvaxtı.az xəbər verir ki, Prof. Dr. Kamran Musayev kitabın “Abdominal və torakoabdominal aort anevrizmalarında cərrahi və endovaskülyar müdaxilə” adlı bölümünün müəllifi kimi beynəlxalq akademik layihəyə töhfə verib.
Nəşrdə ürək-damar cərrahiyyəsinin müxtəlif istiqamətləri üzrə müasir yanaşmalar, diaqnostika və müalicə üsulları geniş şəkildə təqdim edilir. Professor Kamran Musayevin qələmə aldığı bölümdə isə ürək-damar cərrahiyyəsinin ən mürəkkəb sahələrindən sayılan abdominal və torakoabdominal aorta anevrizmalarının diaqnostikası, açıq cərrahi və endovaskulyar müalicə prinsipləri, həmçinin beynəlxalq praktikada tətbiq olunan müasir yanaşmalar ətraflı izah olunur.
Məlumata görə, torakoabdominal aorta anevrizmalarının müalicəsi yüksək ixtisaslaşmış cərrahi bacarıq, endovaskulyar texnologiyaların tətbiqi, orqanların qorunmasına yönəlmiş strategiyalar və multidissiplinar komanda işini tələb edən ən çətin müdaxilələrdən hesab edilir.
Prof. Dr. Kamran Musayev bildirib ki, belə nüfuzlu beynəlxalq akademik layihədə müəllif kimi təmsil olunmaq həm böyük məsuliyyət, həm də Azərbaycan ürək-damar cərrahiyyəsinin elmi potensialının beynəlxalq elmi ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, üç cilddən ibarət “Kalp ve Damar Cerrahisi” kitabı ürək-damar cərrahları, rezident həkimlər və bu sahədə çalışan mütəxəssislər üçün nəzərdə tutulmuş fundamental elmi mənbələrdən biri hesab olunur. Nəşri onlayn platformalar vasitəsilə əldə etmək mümkündür.
Bakı 






