Əvvəlcə hamını bugünkü qələbə və Çempionlar Liqasındakı uğurlu nəticə münasibətilə təbrik edirəm. Əlbəttə, bu, böyük və möhtəşəm hissdir. Bununla belə, həm futbolçularımızın, həm rəhbərliyin, həm sizin, həm də stadiona gələn azarkeşlərin müəyyən qədər məyus ayrıldığını düşünürəm. Çünki inanılmaz dərəcədə çox qol fürsətimiz oldu, amma bunlardan yararlana bilmədik. Bu da bizi bir qədər üzdü.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “KuPS”la (1:0) Bakıda keçirilən oyundan sonra mətbuat konfransında deyib.
“Ümumilikdə futbolçularımın oyununa iradım yoxdur. Xüsusilə birinci hissədə onlar verilən tapşırıqları düzgün yerinə yetirdilər və çoxlu qol imkanları yaratdılar. İkinci hissədə rəqib bir qədər az risk etdi. Buna baxmayaraq, yenə də çoxlu qol fürsətimiz oldu. Təəssüf ki, top qapıdan keçmədi.
Oyunun sonlarında bəxtimizin gətirdiyini də deyə bilərəm. Rəqibin çox yaxşı qol imkanı yarandı və onlar həmin epizoddan yararlana bilərdilər. Bundan sonra əlimizdən gələni etdik, lakin biz də yaratdığımız imkanları qola çevirə bilmədik.
İndi bu məyusluğu unutmalı və yenidən hazırlığa başlamalıyıq. Bilirik ki, səfərdə bizi çox çətin oyun gözləyir. Rəqib artıq bizi yaxşı tanıyır və süni örtüklü meydanda oynayır. Bizi uzun səfər də gözləyir. Amma inanıram ki, bu gün istifadə edə bilmədiyimiz qol fürsətlərindən cavab görüşündə yararlana bilərik” - baş məşqçi bildirib./teleqraf
Bakı 



