• Bakı 25° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Hər uşağa ortopedik ayaqqabı GEYİNDİRMƏYİN!" - XƏBƏRDARLIQ

CƏMİYYƏT

09 Sentyabr 2026 | 15:27 | Müəllif: Zeynəb Rzayeva

"Hər uşağa ortopedik ayaqqabı GEYİNDİRMƏYİN!" - XƏBƏRDARLIQ

“Yastı pəncərənin yaranmasında bağ aparatının zəifliyi və genetik xüsusiyyətlər rol oynaya bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Mütəxəssis bildirib ki, yastı pəncəlik ayağın normal fizioloji qövsünün, yəni tağının müəyyən dərəcədə düzləşməsi ilə xarakterizə olunur. Onun sözlərinə görə, patologiyanın dəqiq yaranma səbəbi tam müəyyən edilməsə də, bununla bağlı müxtəlif hipotezlər mövcuddur.

İ.Şıxbabayev qeyd edib ki, yastı pəncəliyin yaranmasında əsas amillərdən biri bağ aparatının zəifliyidir. Bu zəiflik isə müəyyən hallarda genetik xüsusiyyətlərlə əlaqəli ola bilər. Artıq çəkinin də ayaqlara düşən yükü artıraraq yastı pəncəliyin yaranmasına və ya inkişafına təsir göstərə biləcəyi bildirilib.

Travmatoloq uşaqlarda ayaqqabı seçiminə də xüsusi diqqət yetirib. O vurğulayıb ki, bütün uşaqların ortopedik ayaqqabı geyinməsinə ehtiyac yoxdur və belə ayaqqabılar yalnız həkim göstərişi əsasında, müəyyən patologiya aşkar olunan uşaqlara tövsiyə edilə bilər.

“Ümumiyyətlə, uşaqlar üçün ayaqqabı rahat olmalıdır. Daban nahiyəsi möhkəm, ayağın tağına uyğun və fizioloji əyriliyi dəstəkləyən formada olmalıdır. Ayaqqabının ön hissəsi isə elastik və barmaqların sərbəst hərəkətinə imkan verən quruluşda olmalıdır”, - deyə həkim bildirib.

Onun sözlərinə görə, ayaqqabının altlığı da nə həddindən artıq qalın, nə də çox nazik olmalı, normal və rahat quruluşa malik olmalıdır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026