• Bakı 12° C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Göydə bitən pomidorlar, beşulduzlu siniflər, traktorçu qızlar... - Ölkəmizdə peşə təhsili yüksəlişdə - REPORTAJ

CƏMİYYƏT

06 Aprel 2026 | 10:03

Göydə bitən pomidorlar, beşulduzlu siniflər, traktorçu qızlar... - Ölkəmizdə peşə təhsili yüksəlişdə - REPORTAJ

Azərbaycanın peşə təhsili son illərdə özünün yeni mərhələsini yaşayır. Dövlətin bu sahəyə xüsusi diqqəti göz önündədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 dekabr 2025-ci il tarixli Sərəncamı ilə peşə təhsilinin potensialının gücləndirilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının modernləşdirilməsi, beynəlxalq standartlara uyğun kadr hazırlığının genişləndirilməsi prioritet istiqamətə çevrilib. Bu qayğı və dəstək nəticəsində Azərbaycanın hər bölgəsində peşə məktəbləri artıq təkcə təhsil müəssisəsi deyil, həm də gənclərin yaradıcılıq laboratoriyası, gələcəyin mütəxəssislərini formalaşdıran məkana çevrilib.

Aprelin 3-də Bakıvaxtı.az-ın əməkdaşının da qatıldığı Lənkəran və Cəlilabad Peşə Təhsil mərkəzlərinə təşkil olunan mediatur da məhz bu inkişafın canlı nümunəsi oldu.

Səhər saatlarında Lənkərana daxil olanda, torpaqdan gələn yüngül rütubət qoxusu, təzə çiçəklərin, yaşıllığın və palıd ağaclarının ətirini birləşdirərək yol boyunca bizi sanki xoş bir çağırış qarşılayırdı. Mərkəzin qapısını açan kimi nizam-intizam və səliqə gözə çarpırdı. Hər tələbə ağ köynəkdə, ütülü şalvarda, peşəsinə hörmət edən, öz işi ilə fəxr edən gənc kimi görünürdü.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı da bizimlə idilər. Qısa salamlamadan sonra infoturumuz başladı.

Dayanacaqlarımızdan biri otelçilik simulyasiya otağı idi. Buraya daxil olanda, elə bil beşulduzlu bir otelin qapısından keçmişdik. Qeydiyyat masası, rezervasiya sistemləri, otaqdaxili xidmət üçün nəzərdə tutulan avadanlıqlar…

Hər detal təcrübə məqsədi ilə hazırlanmış, gələcək otel işçilərinə real iş şəraitini təqdim edirdi. Tələbələr isə qonaqları qarşılayır, sistemin bütün incəliklərini praktik şəkildə göstərirdilər. Onların baxışında həm məsuliyyət, həm də əminlik vardı; hər biri gələcəkdə peşəsində usta olacağını bilirdi.

Simulyasiya otağından çıxıb texniki ixtisas siniflərinə doğru irəlilədik. Burada elektronika və avtomobil elektrikçiliyi üzrə təhsil alan gənclər öz biliklərini nümayiş etdirirdilər. Hər biri gələcəyin texniki qəhrəmanlarına çevriləcəkdi - baxışlarında həvəs, əllərində dəqiqlik və məsuliyyət hissi aydın görünürdü.

Bizi ən çox heyrətləndirən məkanlardan biri isə istixana idi. Lənkəranın isti və rütubətli havasında yerləşən bu istixana xüsusi üsulla torfda yetişdirilən pomidorlarla dolu idi. Zarafatla “göydə bitən pomidorlar” adlandırırılan, vertikal sistemdə yetişdirilən pomidorlar həm məhsuldar, həm də estetik baxımdan göz oxşayırdı. Bu, kənd təsərrüfatının müasir texnologiyalarla necə birləşə biləcəyinin canlı nümunəsi idi.

Daha sonra kulinariya sinfinə keçdik. Gənc aşpazlar öz hazırladıqları təamları təqdim edirdilər. Ən diqqətçəkəni “ləvəngi kanepe” idi - regionun ənənəvi ləvəngi yeməyinin modern, estetik təqdimatı. Hər təam həm dad, həm də yaradıcılıq baxımından fərqlənirdi. Tələbələrin hazırladıqları yeməkləri dadarkən, onların həm gənclik enerjisini, həm də peşəyə bağlılığını hiss etmək mümkünsüz deyildi.

Gözəllik salonu sinfi də bizi valeh etdi. Gənc qızlar burada saç dizaynı, makiyaj və kosmetologiya sirlərini öyrənirdilər. Onların bacarıqları və həvəsi, eləcə də gələcəkdə xidmət göstərəcək peşəkar olma arzusu bu otağın atmosferini fərqli edirdi. Hər tələbə sadəcə peşəsini öyrənmirdi, həm də gələcəyinə sərmayə qoyurdu.

Səfərin ikinci dayanacağı Cəlilabad Peşə Təhsil Mərkəzi oldu.

Burada bizi traktorçu qızlar qarşıladı - kənd təsərrüfatı texnologiyasını mənimsəyən, sükan arxasında cəsarətlə dayanmış gənc xanımlar. Bu, həm də gender stereotiplərini qıran bir görüntü idi. Gələcəyin Sevil Qazıyevaları kimi kənd təsərrüfatına xidmət etməyə hazır olan bu qızlar həm sərbəst, həm də peşəyə bağlı idilər.

“Traktor sürməyi öyrənmək çətin olmadı ki?” Qızlara ünvanlanan bu suala aldığmız qısa cavab hamımızı təəccübləndirdi:

- Yox, cəmi bir günə öyrəndik…

Cəlilabadda kulinariya tələbələrinin hazırladığı yerli təamları da dadmaq imkanı oldu. Hər bir yemək Cəlilabada məxsus ənənələrin təzə və yaradıcı təqdimatı idi. Tələbələrin işinə həm sevgi, həm də məsuliyyət qatmaları onların gələcəkdə peşəkar olacağına işarə verirdi.

Heyvandarlıq istiqaməti ilə tanışlıq isə bölgənin real potensialını bir daha göstərirdi. Tələbələr burada iri və xırdabuynuzlu heyvanların düzgün bəslənməsi, südçülük texnologiyaları, eləcə də müasir fermada tətbiq olunan sanitariya normalarına dair praktiki biliklər qazanırdılar. Onların özlərini əminliklə aparması, prosesi detallı izah etməsi bu sahədə peşəkarlığa doğru ciddi addımlar atdıqlarını göstərirdi. Burada görülən iş həm kənd təsərrüfatının davamlı inkişafı, həm də yerli istehsalın gücləndirilməsi üçün mühüm baza rolunu oynayırdı.

Mebel sexində isə tələbələrin əl işi ilə texnologiyanın vəhdəti diqqət çəkirdi. Burada gənclər ağac emalı, ölçüçəkmə, dizayn, kəsim və yığma proseslərini mərhələli şəkildə öyrənirdilər. Hər kəs fərdi layihə üzərində işləyir, ortaya çıxan məhsullar isə həm funksional, həm də estetik baxımdan peşəkar səviyyəni xatırladırdı. Sexdəki səliqə, intizam və yaradıcı mühit tələbələrin gələcəkdə mebel istehsalı sahəsində rəqabətədavamlı mütəxəssislər ola biləcəyini göstərirdi.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı və digər məsul şəxslər yeni sistemin mahiyyətini, gələcək planları və regionlarda ixtisaslı kadr hazırlığının önəmini bizimlə paylaşdılar. Onların vurğuladığı əsas məqam: peşə təhsili təkcə kadr hazırlığı deyil, həm də regionların inkişaf strategiyasının ayrılmaz hissəsidir.

Lənkəran və Cəlilabadda gördüklərimiz bir həqiqəti açıq göstərdi: ölkənin gələcəyi bu gənclərin əlindədir.

Onların hər biri öz peşəsinə sadiq, dövlətin verdiyi şəraitdən maksimum yararlanmaq istəyən vətən övladıdır. Bu səfər göstərdi ki, peşə təhsili artıq köhnə ənənələrin kölgəsində deyil - bu, ölkənin inkişafını formalaşdıran bir sahəyə çevrilib.

Gənclərin həvəsi, yaratdıqları mühit və avadanlıqların müasirliyi bir daha sübut etdi ki, Azərbaycanın hər bölgəsində gələcəyin ustaları yetişir. Hər bir tələbə yalnız peşəsini öyrənmir, həm də vətəninə xidmət etmək üçün hazırlaşır, sabahın Azərbaycanını qurmaq üçün çalışır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

05 Aprel 2026