Son zamanlar qətl hadisələrinin sayında yenidən artım müşahidə olunur.
Bəs Qətl hadisələrinin artmasının səbəbi nədir? Bu cür xoşagəlməz halla necə mübarizə aparmaq olar?
Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, cəmiyyətdə baş verən mənfi hadisələrin və şiddət hallarının səbəbləri müxtəlifdir. Bunu tək bir amillə izah etmək mümkün deyil:
"Qətl hadisələri mürəkkəb bir kombinasiyadır. Mürəkkəb kombinasiyalarda isə tək bir şərt və ya səbəb olmur. Burada birbaşa insan faktoru rol oynayır. İnsanların həyata baxışları və psixologiyaları fərqli olduğu üçün baş verən hadisələrin kökündə də müxtəlif səbəblər dayanır. Əsas təsiredici faktorlara sosial-iqtisadi amillər, ailədaxili və psixoloji problemlər daxildir. Müxtəlif sosial qruplar arasında müşahidə olunan qeyri-sağlam yanaşmalar qətl hadisəsinə təsir edə bilir. Yəni, fərqli düşüncəyə sahib insanların bir araya gələrək formalaşdırdığı qruplarda digər tərəflərə öz fikirlərini təlqin etmə cəhdləri, radikallıq və şiddətə zəmin yaradan zəncirvari hadisələr baş verə bilir. Həmçinin ailədəki təzyiq, şiddət, xəstəliklər və yaxınların itirilməsi kimi psixoloji travmalar insanda aqressiyanın artmasına gətirib çıxarır".

Psixoloq Fərqanə Mehmanqızı
Psixoloq vurğulayıb ki, internet, sosial şəbəkələr, filmlər və kompüter oyunlarındakı şiddət, ölüm səhnələri insanda emosional həssaslığı azaldır. Nəticədə cəmiyyətdə mənfi hadisələrə qarşı bir adiləşmə prosesi gedir və şiddətə meyllilik artır.
"Bəzi hallarda ölüm və şiddət hadisələri "şərəf", "ləyaqət" və ya "namus" adı altında əsaslandırılmağa çalışılır. Bu cür təhlükəli düşüncələr cəmiyyətdə yayıldıqca, mənfəətindən asılı olmayaraq, böyük risklər yaradır. Cəmiyyətdə mənəvi dəyərlərin aşınması da digər səbəblərdən biridir. Cəmiyyət olaraq sevgimizi və mərhəmətimizi açıq şəkildə büruzə verməyi aradan qaldırmışıq. Biri-birinə sevgisini göstərmək və ya qucaqlamaq ayıb hesab edildiyi halda, nifrət və aqressiya göstərmək normal qarşılanmağa başlayıb. Problemin əsas mənəvi kökü də məhz buradadır", - deyə müsahibimiz əlavə edib.
Qətl hadisələri və şiddətin azalması istiqamətindəki mübarizə yollarına toxunan F. Mehmanqızı hesab edir ki, məktəblərdə və yeniyetmələrin olduğu mühitlərdə psixoloji maarifləndirmə işləri aparılmalı, şiddətə qarşı təlimlər verilməli və emosional intellektin inkişafı üçün xüsusi proqramlar tətbiq edilməlidir:
"Uşaq və gənclərin şüuraltına kiçik yaşlardan sevgini, mərhəməti və birliyi aşılamaqla onları gələcəkdəki böyük təhlükələrdən qorumaq mümkündür. O cümlədən, qanunvericilik çərçivəsində profilaktik tədbirlər gücləndirilməli, cinayətkarlığa və şiddətə karşı barışmaz mövqe nümayiş etdirilməlidir. Cəmiyyətin həssas mənəvi dəyərlərini nəzərə alaraq, din xadimləri və mədəniyyət nümayəndələri şiddətə qarşı sərt və açıq mövqe ortaya qoymalı, insanları xeyirxahlığa və dözümlülüyə dəvət etməlidirlər".
Gülşən Şərif
















