• Bakı 20° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Trampın enerji atəşkəsi təşəbbüsü: Sülhə doğru ilk addım, yoxsa...

SİYASƏT

12 Oktyabr 2026 | 15:35 | Müəllif: Günəş Mərd

Trampın enerji atəşkəsi təşəbbüsü: Sülhə doğru ilk addım, yoxsa...

Rusiya–Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda ABŞ Prezidenti Donald Trampın enerji obyektlərinə qarşı hücumların dayandırılması ilə bağlı təşəbbüsü beynəlxalq siyasi gündəmin diqqətçəkən məsələlərindən birinə çevrilib. Müharibənin hər iki tərəfin enerji infrastrukturuna ciddi ziyan vurması, mülki əhalinin həyat şəraitini ağırlaşdırması və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırması Vaşinqtonun bu istiqamətdə diplomatik fəallığını aktuallaşdırır. Bununla belə, təşəbbüsün real atəşkəs razılaşmasına çevrilib-çevrilməyəcəyi hələ də açıq qalır. Xüsusilə Moskvanın razılaşmanı rəsmən təsdiqləməməsi ABŞ-nin irəli sürdüyü təklifin siyasi bəyanat mərhələsindən nə zaman çıxacağı barədə suallar yaradır.

Məsələnin digər mühüm tərəfi ondan ibarətdir ki, enerji atəşkəsi ilə bağlı müzakirələr yalnız humanitar xarakter daşımır. Enerji infrastrukturu müharibə şəraitində həm iqtisadi dayanıqlığın, həm də hərbi əməliyyatların davam etdirilməsi imkanlarının mühüm elementlərindən biridir. Bu səbəbdən enerji obyektlərinə hücumların dayandırılması tərəflərin hərbi strategiyalarına və danışıqlardakı mövqelərinə də təsir göstərə bilər.

Bəs Trampın təşəbbüsü müharibənin diplomatik həllinə real imkan yaradırmı? Vaşinqton Moskva və Kiyevi hansı güzəştlərə sövq etməyə çalışır? Məhdud atəşkəs daha geniş sülh razılaşmasının başlanğıcına çevrilə bilərmi?

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva Bakıvaxtı.az-a danışıb. 

O, hesab edir ki, Donald Trampın bu təşəbbüsü müharibənin bütün istiqamətləri üzrə dərhal razılaşma əldə etmək əvəzinə, daha məhdud və konkret məsələlər üzərindən diplomatik nəticə qazanmaq cəhdidir:

"Vaşinqton yaxşı anlayır ki, ərazi məsələləri, təhlükəsizlik təminatları və müharibənin dayandırılması ilə bağlı tərəflərin mövqeləri arasında ciddi ziddiyyətlər qalmaqdadır. Buna görə də enerji obyektlərinə hücumların dayandırılması nisbətən konkret müzakirə predmeti kimi ön plana çıxarılır. Digər tərəfdən, ABŞ bu təşəbbüslə həm Moskvanın, həm də Kiyevin danışıqlara münasibətini yoxlamaq imkanı əldə edir. Əgər tərəflər belə məhdud bir məsələdə belə razılığa gələ bilməsələr, daha geniş sülh razılaşmasının əldə olunmasının nə qədər mürəkkəb olduğu bir daha aydınlaşacaq. Ona görə də bu addımı hələlik sülh prosesində dönüş nöqtəsi deyil, diplomatik imkanların və tərəflərin siyasi iradəsinin sınaqdan keçirilməsi kimi qiymətləndirirəm".

Züriyə Qarayeva

Onun sözlərinə görə, Moskvanın rəsmi təsdiq verməməsi göstərir ki, diplomatik bəyanatla tərəflər arasında hüquqi və siyasi öhdəlik yaradan razılaşma eyni məna daşımır:

"Rusiya enerji infrastrukturuna hücumların dayandırılması məsələsinə yalnız humanitar deyil, həm də hərbi-strateji maraqları baxımından yanaşır. Çünki belə bir razılaşma tərəflərin qarşılıqlı təzyiq imkanlarını müəyyən qədər məhdudlaşdıra bilər. Vaşinqton isə təşəbbüsü gündəmdə saxlamaqla Moskvanı daha konkret mövqe bildirməyə və danışıqların şərtlərini açıqlamağa sövq etməyə çalışa bilər. Eyni zamanda, ABŞ beynəlxalq ictimaiyyət qarşısında diplomatik təşəbbüskar rolunu qorumaq və müharibənin davam etməsinə görə siyasi məsuliyyət məsələsini gündəmə gətirmək imkanı qazanır. Lakin Rusiyanın razılığı olmadan elan edilən hər hansı atəşkəsin praktik nəticə verməsi mümkün deyil və bu da göstərir ki, diplomatik təzyiq yalnız real danışıqlar mexanizmi ilə müşayiət olunduqda təsirli ola bilər".

Zülfü Məmmədov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR