• Bakı 23° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Artritli uşaqların gündəlik həyatında nələrə diqqət edilməlidir? – AÇIQLAMA

CƏMİYYƏT

12 Oktyabr 2026 | 19:00 | Müəllif: Subhan Mahmudov

Artritli uşaqların gündəlik həyatında nələrə diqqət edilməlidir? – AÇIQLAMA

“Artritli uşaqların tam hərəkətsiz qalması düzgün deyil. Əksinə, uşağın vəziyyətinə uyğun seçilən fiziki fəaliyyət oynaqların hərəkətliliyini qorumağa, əzələləri gücləndirməyə və sərtliyi azaltmağa kömək edir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam həyat” verilişində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş direktorunun müavini – baş həkim Nizami Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, üzgüçülük, velosiped sürmək, yüngül gəzinti və fizioterapevtin tövsiyə etdiyi məşqlər artritli uşaqlar üçün ən uyğun fiziki fəaliyyətlər sırasındadır.

“Uşaq özünü yaxşı hiss etdiyi günlərdə daha aktiv ola bilər. Lakin ağrı, şişkinlik və oynaq sərtliyi artdıqda fiziki yük azaldılmalı, daha yüngül hərəkətlərə üstünlük verilməlidir. Gün ərzində qısa fasilələr vermək, fəaliyyət və istirahət arasında düzgün balans yaratmaq vacibdir. Uşağın uzun müddət eyni vəziyyətdə oturması və ya ayaq üstə qalması da məsləhət görülmür.

Fizioterapiya və ergoterapiya gündəlik həyatı xeyli asanlaşdıra bilər. Fizioterapiya oynaqların hərəkətliliyini və əzələ gücünü qorumağa kömək edir. Ergoterapiya isə uşağa geyinmək, yazmaq, məktəb çantasını daşımaq və digər gündəlik işləri daha rahat yerinə yetirməyi öyrədir”.

N.Məmmədov bildirib ki, gündəlik həyatda müəyyən uyğunlaşdırmaların aparılması da uşağın vəziyyətini yüngülləşdirə bilər:

“Məsələn, əl və bilək oynaqlarında ağrı varsa, uzun müddət yazmaq əvəzinə fasilələr vermək və ya klaviaturadan istifadə etmək faydalıdır. Diz və ayaq oynaqları təsirlənibsə, pilləkənlərdən istifadə və uzun məsafəli yerimə mümkün qədər azaldıla bilər.
Bundan əlavə, dərmanların həkimin təyin etdiyi qaydada qəbul edilməsi, müntəzəm həkim nəzarəti, balanslı qidalanma və kifayət qədər yuxu çox vacibdir. Nəticə etibarilə, artrit düzgün müalicə və nəzarət altında saxlanıldıqda uşaqlar gündəlik fəaliyyətlərini böyük ölçüdə normal şəkildə davam etdirə bilərlər”.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026