Baş beyin şişi beyin toxumasında yaranan və ciddi nevroloji problemlərə səbəb ola bilən xəstəliklərdən biridir.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu şişlər xoşxassəli və ya bədxassəli ola bilər. Onlar birbaşa beyində yarana və ya bədənin digər hissələrindən yayılaraq (metastaz) inkişaf edə bilər.
Baş beyin şişlərinin əlamətləri şişin yerləşdiyi nahiyədən və ölçüsündən asılı olaraq dəyişir. Ən çox rast gəlinən simptomlara davamlı və güclənən baş ağrıları, ürəkbulanma, qusma, görmə və eşitmə problemləri, yaddaş zəifləməsi və qıcolmalar daxildir. Bəzi hallarda davranış dəyişiklikləri və tarazlıq pozğunluğu da müşahidə oluna bilər.
Diaqnoz qoyulması üçün həkimlər MRT və kompüter tomoqrafiyası kimi müasir görüntüləmə üsullarından istifadə edir. Dəqiq diaqnoz üçün bəzi hallarda biopsiya aparılması da tələb oluna bilər.
Müalicə şişin növündən və mərhələsindən asılı olaraq dəyişir. Əsas üsullara cərrahi müdaxilə, şüa terapiyası və kimyaterapiya daxildir. Bəzi hallarda bu metodlar birlikdə tətbiq olunur.
Mütəxəssislər bildirir ki, erkən diaqnoz müalicə şansını əhəmiyyətli dərəcədə artırır. Bu səbəbdən uzunmüddətli və səbəbi izah olunmayan simptomlar olduqda vaxt itirmədən həkimə müraciət etmək tövsiyə olunur.
Zeynəb Rzayeva
Bakı 




