q
  • Bakı 13° C

    6.66 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Təl-Əvivdən strateji siqnal: Bakı ilə ittifaq güclənir

SİYASƏT

22 Aprel 2026 | 16:13

Təl-Əvivdən strateji siqnal: Bakı ilə ittifaq güclənir

İsrailin Azərbaycanla əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı verdiyi mesajlar təkcə diplomatik nəzakət ifadəsi deyil, həm də mürəkkəb geosiyasi və strateji maraqların kəsişməsində formalaşan məqsədyönlü siqnallar kimi qiymətləndirilə bilər.

Cənubi Qafqaz regionu son illərdə enerji marşrutları, təhlükəsizlik balansı və böyük güclərin rəqabəti baxımından xüsusi əhəmiyyət qazandığı üçün bu tip açıqlamalar tərəflərin uzunmüddətli tərəfdaşlıq niyyətlərini nümayiş etdirir.

Azərbaycanın zəngin enerji resursları və Avropanın enerji təhlükəsizliyində artan rolu, İsrail üçün alternativ və etibarlı tərəfdaşlıq imkanları yaradır. Eyni zamanda, İsrailin qabaqcıl texnologiya, müdafiə sənayesi və kibertəhlükəsizlik sahələrindəki təcrübəsi Azərbaycan üçün strateji modernizasiya aləti kimi çıxış edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, hər bir müstəqil ölkə kimi Azərbaycan da daima dövlətlərarası münasibətlərdə öz milli maraqlarından çıxış edir:

"Öz milli gücünü artırmaqla həm dövlətin inkişafı, həm də onun təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atır. İsrail və Azərbaycan münasibətləri də qarşılıqlı şəkildə məhz bu məntiq əsasında qurulan münasibətlərdir. Biz müxtəlif mərhələlərdə İsraillə əməkdaşlığın ölkəmiz üçün xeyli sayda strateji dividendlər gətirdiyinə şahidlik etmişik".

Hikmət Babaoğlu, deputat

Onun sözlərinə görə, xüsusilə 44 günlük müharibədə bu, əyani şəkildə bir daha bariz olaraq özünü hiss elətdirdi:

"İsrail ilə Azərbaycan əlaqələri bir çox sahələrdə mühüm perspektivlərə malikdir. Yəni iki ölkə arasında çoxşaxəli istiqamətlər üzrə əməkdaşlıq üçün mühüm perspektivlər var".

Həmsöhbətimizin dediyinə görə, bunlar həm enerji, həm müasir texnologiyalar, hərbi sənaye məhsulları və bütövlükdə həm də beynəlxalq münasibətlər sistemində informasiya təhlükəsizliyinin təmin olunması kontekstində geniş bir spektrə malikdir: 

"Ona görə də, hər iki ölkə öz maraqları kontekstində bu münasibətləri dərinləşdirməkdə maraqlıdırlar və nəticə etibarilə bu, milli mənafelərimiz baxımından mühüm əhəmiyyət kəsb edir".

Əli Hüseynov


SON XƏBƏRLƏR