Latviya Prezidentinin hazırkı Bakı səfəri Azərbaycan–Latviya münasibətlərinə yalnız nəzakət diplomatiyası çərçivəsində baxmağın yetərli olmadığını göstərir. Bu səfər daha çox dəyişən Avropa təhlükəsizlik mühiti, yeni ticarət marşrutları və regionlararası siyasi koordinasiya fonunda diqqət çəkir.
Əgər əvvəllər bu münasibətlər əsasən qarşılıqlı hörmət və ümumi siyasi dialoq xətti üzərində qiymətləndirilirdisə, indi məsələ artıq praktik tərəfdaşlığın dərinləşdirilməsi səviyyəsinə çıxır. Səfərin proqramına yüksək səviyyəli görüşlərlə yanaşı biznes forumunun daxil edilməsi də bunu göstərir. Yəni gündəmdə təkcə siyasi jest yox, həm də konkret əməkdaşlıq arxitekturası dayanır.
Bu münasibətlərin inkişafında ən maraqlı istiqamətlərdən biri Azərbaycanın Baltik məkanı ilə, Latviyanın isə Cənubi Qafqazla daha sistemli bağlanmasıdır. Burada söhbət sadəcə iki ölkə arasındakı ikitərəfli əlaqədən getmir. Əslində Bakı ilə Riqa arasında formalaşan xətt daha geniş geoiqtisadi məna daşıyır. Azərbaycan Şərqlə Qərb arasında artan yük və enerji axınlarında öz rolunu gücləndirməyə çalışırsa, Latviya da Avropa daxilində nəqliyyat, liman və logistika imkanları ilə bu zəncirin vacib halqasına çevrilə bilər. Bu baxımdan münasibətlərin gələcəyi ən çox nəqliyyat dəhlizləri, tədarük zəncirlərinin şaxələndirilməsi və Avropa ilə Asiya arasındakı yeni əlaqəlilik modelində görünür. Bu, iki ölkənin bir birini tamamlayan funksional tərəfdaşlara çevrilməsi deməkdir.
Digər mühüm məsələ siyasi dialoqun keyfiyyətidir. Kiçik və orta ölçülü dövlətlər üçün bugünkü beynəlxalq sistemdə ən böyük üstünlük çevik diplomatiya və çoxtərəfli əməkdaşlıq bacarığıdır. Azərbaycan ilə Latviya arasında münasibətlərin dərinləşməsi məhz bu müstəvidə əhəmiyyətlidir. Latviya Avropa İttifaqı və Avroatlantik məkanın üzvü kimi qərb siyasi institutları daxilində təcrübəyə malikdir, Azərbaycan isə Cənubi Qafqazda təşəbbüs yaradan və regional gündəliyə təsir göstərən aktordur. Bu iki xəttin kəsişməsi nəticəsində yalnız formal dostluq deyil, qarşılıqlı faydaya əsaslanan daha çevik siyasi koordinasiya modeli yarana bilər. Belə münasibətlərin dəyəri xüsusilə o zaman artır ki, regionda təhlükəsizlik, enerji və kommunikasiya məsələləri bir birinə daha sıx bağlanır. Səfər çərçivəsində regional təhlükəsizlik, enerji və sülh prosesi mövzularının müzakirəsi də bunu göstərir.
Münasibətlərin gələcəyinə baxanda ən böyük potensialın təkcə klassik diplomatiyada deyil, yeni sahələrdə olduğunu görmək olur. Rəqəmsal idarəetmə, yaşıl keçid, innovasiya, təhsil əlaqələri və biznes çevrələri arasında birbaşa təmaslar bu tərəfdaşlığa daha dayanıqlı məzmun verə bilər. Əgər siyasi əlaqələr iqtisadi və texnoloji layihələrlə dəstəklənərsə, Azərbaycan–Latviya münasibətləri epizodik səfərlərdən ibarət gündəmdən çıxaraq uzunmüddətli əməkdaşlıq modelinə çevrilə bilər. Məhz buna görə bu səfəri sadəcə protokol hadisəsi kimi yox, iki ölkənin bir birini yeni geosiyasi və geoiqtisadi reallıqda yenidən kəşf etməsi kimi qiymətləndirmək daha doğru olar. Bu prosesin uğuru isə verilən bəyanatlardan çox, yaxın aylarda hansı konkret layihələrin ortaya çıxacağından asılı olacaq.
Züriyə Qarayeva
Bakı 




