ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən “böyük razılaşma” ifadəsi sadəcə nüvə proqramı ilə məhdudlaşan dar çərçivəli anlaşmadan daha geniş bir paketə işarə edir.
Bu çərçivədə əsas müzakirə mövzusu İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması olsa da, prosesin yalnız texniki nəzarət məsələsi ilə yekunlaşması real görünmür. Çünki hazırkı geosiyasi konfiqurasiyada ABŞ üçün əsas məsələ təkcə nüvə deyil, İranın regional davranış modelidir.
Mümkün razılaşmanın ikinci mühüm istiqaməti İranın Yaxın Şərqdəki təsir alətləri ilə bağlı ola bilər. Buraya regiondakı silahlı qruplara verilən dəstəyin məhdudlaşdırılması, bəzi konflikt zonalarında aktivliyin azaldılması və ümumilikdə daha “idarə olunan davranışa” keçid daxildir. Bu isə faktiki olaraq təhlükəsizlik mübadiləsi modelidir: İran regional təsirini müəyyən qədər geri çəkir, əvəzində beynəlxalq təzyiq yumşaldılır.
İqtisadi blok isə razılaşmanın ən cəlbedici hissəsidir. ABŞ tərəfindən sanksiyaların mərhələli şəkildə aradan qaldırılması, İranın enerji bazarına tam qayıtması və beynəlxalq maliyyə sisteminə çıxış imkanlarının açılması Tehranın əsas gözləntisidir. Bu, İran iqtisadiyyatı üçün ciddi nəfəs deməkdir. ABŞ üçün isə bu addım həm enerji bazarında sabitlik yaradar, həm də qlobal inflyasiya təzyiqlərini müəyyən qədər azalda bilər.
Bununla belə, belə bir “böyük razılaşma”nın ən zəif nöqtəsi onun davamlılığıdır. Tərəflər arasında illərlə formalaşmış etimadsızlıq, əvvəlki razılaşmaların pozulması təcrübəsi və daxili siyasi təzyiqlər bu prosesi hər an risk altına sala bilər. Yəni razılaşma əldə olunsa belə, onun uzunmüddətli işlək mexanizmə çevrilməsi əsas problem olaraq qalacaq.
Alim Nəsirov
Bakı 




