“Artıq erməni cəmiyyəti də sülhün vacib olduğunu anlayır və bu, Azərbaycanla Ermənistan arasında əməkdaşlığın genişləndirilməsi üçün imkan yaradır".
Bunu Bakıvaxtı.az-a Azərbaycan-Ermənistan münasibətlərinin mövcud vəziyyətini şərh edən deputat Tahir Rzayev deyib.
Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev daim əməkdaşlığın, sülhün və dostluğun tərəfdarı olduğunu öz fəaliyyəti ilə sübut edib.
Deputat bildirib ki, bu gün dünya müəyyən çətinliklər qarşısındadır. Belə bir vəziyyətdə hər hansısa ölkədə bəşəriyyətin gələcəyi üçün irəli atılan addımlar insanların ürəyindədir:
“Bu, gələcək üçün çox böyük imkanlar yaradır. Mövcud məqamda da bu siyasət uğurla və sistemli şəkildə davam etdirilir. Azərbaycan-Ermənistan rəsmilərinin, ictimaiyyət nümayəndələrinin görüşləri iki ölkə münasibətlərinin daha da yaxşılaşdırılmasına bir töhfə ola bilər. Sülhə, əmin-amanlığa, əməkdaşlığa, insanların azadlığına və xoşbəxtliyinə xidmət edən hər bir forum, yığıncaq və tədbir alqışlanmalıdır",.
Müsahibimiz qeyd edib ki, belə görüşlərdə qarşıda duran vəzifələri bir daha gündəmə gətirmək Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması üçün çox vacibdir:
"Bir neçə gün öncə Türkiyənin Antalya şəhərində Antalya Diplomatiya Forumu keçirildi. Bu forumda da Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdırılması bir daha diqqət mərkəzində oldu. Əlbəttə ki, bu, 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən görüşün, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı Birgə Bəyannamənin ruhuna uyğundur”.

Tahir Rzayev: Bu gün davam edən münaqişələr bəşəriyyətin gələcəyi üçün çox ciddi təhlükələr yaradır
Deputat hesab edir ki, bu cür müzakirənin müxtəlif ölkələrdə gündəmə gətirilməsi real hadisələrin qiymətləndirilməsindən xəbər verir. Dediyinə görə, bu gün bir çox ölkələrdə münaqişələr və müharibələr davam edir. Bu isə bəşəriyyətin gələcəyi üçün çox ciddi təhlükələr yaradır. Ona görə də sülhə, qarşılıqlı əməkdaşlığa, sülh və əmin-amanlığa daha çox ehtiyac duyulur.
Tahir Rzayev onu da vurğulayıb ki, ölkəmizin sülh və əmin-amanlıq istiqamətində əldə etdiyi uğurlar dünya ölkələri tərəfindən qiymətləndirilir:
“Ölkə başçısı İlham Əliyev regionda, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması üçün lazımi tədbirləri görməkdədir. Bu, Azərbaycanla yanaşı, qonşu dövlətlərin hər biri üçün əhəmiyyətlidir”.
“İki ölkə arasında sülh müqaviləsinin imzalanması sülhsevər xalqların amalıdır. Azərbaycan bu yolda öz uğurlu addımlarını atır", - deyə Tahir Rzayev əlavə edib.
Gülşən Şərif
Bakı 




