• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İlk dərs günü ağlayan uşaqlarla necə davranmalıyıq? - Psixoloq İZAH EDİR 

CƏMİYYƏT

14 Sentyabr 2026 | 09:38 | Müəllif: Günəş Mərd

İlk dərs günü ağlayan uşaqlarla necə davranmalıyıq? - Psixoloq İZAH EDİR

"İlk tədris günü uşağın ağlama səbəbi çox vaxt məktəbdən qorxmaqdan deyil, tanış mühitdən ayrılmaq və yeni mühitə uyğunlaşmaq çətinliyindən yaranır".

Bu barədə Bakıvaxtı.az-a psixoloq Samirə Bağırova bildirib.

O qeyd edib ki,  məktəbi uşaq üçün təhlükəsiz və maraqlı bir yerə çevirmək lazımdır:

"Bəzən valideyn məktəbi uşağın təsəvvüründə yanlış formalaşdırlr. Məsələn; “sakit oturmalısan”, “müəllim nə dedi onu etməlisən“ kimi ifadələr uşağın beynində məktəbi təhlükə ilə əlaqələndirir. Əksinə uşağın yeni çoxlu dostları olacağını, yeni biliklər öyrənərək daha ağıllı olacağını vurğulamaq gərəkdir".

Onun sözlərinə görə, məktəb öncəsi valideyn uşağı yaxın qohum yanında qoyaraq, qısamüddətli ayrılıqlar yaradaraq, uşağa geri qayıdacağını göstərərək etibar formalaşdırmalıdır. Gedəcəyi məktəbin həyətinə bir neçə dəfə aparmaq, binanı hətta sinif otağını, tualeti, yeməkxananı tanıtmaq uşağın məktəblə bağlı təxəyyülünü genişləndirəcək. 

Samirə Bağırova: Uşaq ilk gün ağlasa belə, bunu uğursuzluq kimi qəbul etmək yanlışdır

Müsahibimiz hüsab edir ki, müəllim-şagird oyunları təşkil etmək faydalıdır. Uşaq üçün “naməlum” olan şeylər nə qədər azdırsa, narahatlıq da bir o qədər azalır:

"Bu, yetkin insanlarda da belədir. Əsla ağlayan uşağın hisslərini kiçiltmək olmaz. “Burda ağlamalı nə var?”, “Böyük uşaqsan, ayıbdır, ağlama” demək əks təsir göstərə bilər. Doğru ifadə olunacaq cümlələr: “Sənin üçün bir az çətin olduğunu görürəm. Bu normaldır, keçəcək. Mən yanındayam”. Eləcə də, uşağı uzun-uzadı sakitləşdirməyə çalışdıqca ayrılıq daha dramatik görünəcək. Həmişəki kiçik sağollaşma ritualını təkrar edərək, qısa sürən qucaqlaşma, öpüş və “Dərslərini bitirəcəksən, nahar edəcəksən, mən də sonra gəlib səni götürəcəyəm”deməklə bitirməlidir". 

Psixoloq hesab edir ki, valideyn öz narahatlığını uşağa ötürməməlidir: 

"Uşaq ilk gün ağlasa belə, bunu uğursuzluq kimi qəbul etmək yanlışdır. Bəzi uşaqlar bir neçə dəqiqəyə, bəziləri isə bir neçə həftəyə uyğunlaşır. Əsas məsələ ağlamağın özündən çox, uşağın zamanla məktəbdə özünü təhlükəsiz, qəbul olunmuş və bacarıqlı hiss etməsidir. Ağlamaq bir neçə ay davam edirsə, məktəb psixoloqu və ya uşaq psixoloqu ilə məsləhətləşmək məqsədəuyğundur".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026